Britaniya mətbuatı: Apple "yuxusuzluğa qarşı proqram buraxır"

Bir müğənniyə 4 milyon başsağlığı

Bu səhər bütün Britaniya qəzetlərinin birinci səhifəsində bir baş xəbər olub: dünyasını dəyişmiş məşhur müğənni David Bowie.

“The Daily Mail” yazır ki, dünyalarca məşhur Britaniya müğənnisi xərçəng xəstəliyi ilə 18 aylıq çarpışmadan sonra Nyu Yorkda, 69 yaşında vəfat edib.

Onun ölüm xəbərindən dərhal sonra Tvitterdən 4 milyon 300 minədək başsağlığı keçib.

Başsağlığı verənlərin sırasında Elton John, Madonna, David Beckham, Mick Jagger və Kanye West kimi məşhurlar, Vatikan, baş nazir David Cameron və hazırda kosmosda olan britaniyalı kosmonavt Tim Peake də var.

Mətbuat yazır ki, David Bowie sadəcə müğənni yox, musiqi sənətinin simasını dəyişmiş sənətçilərdən idi. Rok ulduzu Mick Jagger öz tvitinə Davidlə birgə fotosunu da qoşub: “Biz dost idik, bir yerdə çox yaxşı vaxtlar keçirmişik. Mən onu heç vaxt unutmayacağam”.

Madonna yazıb: “Mən sarsılmışam. Bu böyük Sənətkar mənim həyatımı dəyişib. Əsl istedad. Kainatdan yerə düşmüş ulduz. Ruhun daim yaşayacaq”.

Futbol ulduzu David Beckham yazıb: “Yaradıcı dahi və hamımızı təsirləndirmiş sənətkar”. “İndiyədək mövcud olmuş sənətkarların ən dahisi” – yazıb məşhur “Qladiatior” filminin baş qəhrəmanı Russel Crowe.

“Mühərrik işə düşdü, Allah köməyin olsun”

“Çox kədərlənirəm ki, David Bowie xərçənglə mübarizədə məğlub oldu. Onun musiqisi çox sayda insan üçün ilham mənbəyi idi” – yazır hazırda kosmosda olan Britaniya kosmonavtı Tim Peake. Onun “mayor Tim” ləqəbi də sənətkarın çox məşhur “Kainatın Qəribəliyi” (Space Oddity) mahnısındakı “mayor Tom”dan götürülüb.

Britaniya xristianlarının “baş keşişi”, Kanterberi arxiyepiskopu Justin Welby BBC-yə deyib ki, 1970-ci illərin əvvəllərində vaxtının çoxunu David Bowie-nin mahnılarını dinləməklə keçirərmiş.

Mətbuat yazır ki, David Bowie sadəcə müğənni yox, musiqi sənətinin simasını dəyişmiş sənətçilərdən idi.
Şəklin alt yazısı, Mətbuat yazır ki, David Bowie sadəcə müğənni yox, musiqi sənətinin simasını dəyişmiş sənətçilərdən idi.

Vatikanın mədəniyyət naziri kardinal Gianfranco Ravasi də Tvitterdən göndərdiyi başsağlığında David Bowie-nin “Kainatın Qəribəliyi” mahnısından iki misranı sitat gətirib: “Dispetçer – mayor Toma. Start sayı başlanır. Mühərriklər işə düşüb. Allah köməyin olsun”.

Baş nazir David Cameron yazır ki, o, David Bowie-nin mahnıları ilə böyüyüb: “O daim düz yolda olan pop dahisi idi”. Lakin ən təsirli sözləri müğənninin dul xanımı, “Somali gözəli” İman yazıb: “Mübarizə həqiqətdir. Elə Allah da. Bəzən bir anın qiymətini o xatirəyə çevriləndən sonra dərk edirsən”.

Iman və David 1992-ci ildə evlənmişdilər. Onların 15 yaşında Alexandria "Lexi" Zahra Jones adlı qızları da var. David Bowie-nin birinci nikahından olan oğlu Duncan Jones-u da İman böyüdüb.

Almaniya qaçqınları geri qaytarmağa başladı

“The Mirror” qəzeti yazır ki, Almaniya ölkədən təkrar Avstriya ərazisinə qaytarılan qaçqınların sayını kəskin artırıb.

Məqalədə deyilir ki, Köln şəhərində ərəb əsilli miqrantların yerli qadınlara qarşı kütləvi seksual təcavüzünün ardınca,

Almaniya, yanvarın 1-dən sığınacaq istəyən qaçqınları geri qaytarmağa başlayıb.

Təkrar Avstriya ərazisinə göndərilən qaçqınların sayı günə 60 nəfərdən 200 nəfərə çatıb.

Bu qaçqınlardan bir qismi Almaniyadan yox, Skandinaviya ölkələrindən sığınacaq istəyirdilər.

Geri qaytarılanların əskəsəriyyəti suriyalı yox, əfqanıstanlı, mərakeşli və əlcəzairlilərdir. Almaniya polisi yerli qadınlara hücumlarda bulunmuş miqrantların əksəriyyətinin Mərakeş və Əlcəzairdən olduqlarını bildirib.

Mərtbuat yazır ki, Köln polisinə 500-dək qadından şikayət daxil olub və iki zorlama hadisəsi də daxil bu işləri 100-dək müstəntiq araşdırır.

Qəzet yazır ki, miqrantların almaniyalı qadınlar üzərinə hücumları ölkənin “açıq qapılar” siyasətinin məqsədəuyğunluğuna dair qızğın debatlara səbəb olub.

Köln polisinin sözçüsü bildirib ki, xeyli həbslər həyata keçirilib və bu əməliyyatlar davam etdiriləcək. Onun sözlərinə görə, həbs olunanların Yeni il axşamı törədilmiş qarət və seksual təcavüzdə iştirak edib-etmədiyi bundan sonra araşdırılacaq.

Bundan əvvəl daxili işlər orqanları həbs edilənlərin, demək olar, hamısının ərəb əsilli şimali afrikalı olduğunu bildirmişdi.

Almaniyada basqınlarla bağlı anti-miqrant nümayişləri keçirilib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Almaniyada basqınlarla bağlı anti-miqrant nümayişləri keçirilib

“The Mirror” yazır ki, qadınlara qarşı cinsi təcavüzlər təkcə, Kölndə yox, Hamburq və Frankfurt kimi başqa şəhərlərdə də yer alıb.

Bu arada Şimali Reyn-Vestfaliya polisi bildirib ki, ötən həftə polis məntəqəsinə əlində ət dəhrəsi hücum edən şəxs güllə ilə öldürülüb. Onun “Allahu-əkbər” deyə qışdqırdığı xəbər verilirdi.

Bu şəxsin Kölnün şimalındakı Reklinqhauzen qəsəbəsində ona verilmiş mənzildə yaşayan qaçqın olduğu xəbər verilib. Almaniyanın “Welt am Sonntag” qəzeti yazır ki, sözü gedən şəxs mənzilin divarlarlına İslam Dövləti adlanan təşkilatın rəmzlərini çəkmişdi.

Almaniyaya ötən il ərzində 1,1 milyon qaçqının daxil olduğu xəbər verilib.

Apple yuxusuzluğa qarşı proqram buraxır

Bu barədə də “The Mirror” qəzeti yazıb. Məqalədə deyilir ki, 'iYawn' (Mən əsnəyirəm) antiyuxusuzluq sistemi istifadəçiləri “yuxuya vermək” məqsədi güdür.

Yuxusuzluğa müharibə elan etmiş Apple bildirib ki, insanın yatmasına mane olan mavi işıqdır.

Sözü gedən sistem iPhone və iPad-lərə əlavə edilib.

Yeni modifikasiyalar “gecə rejimi” adlanan sistemlə işləyəcək ki, burada xüsusi proqram axşam düşdükcə ekranlardakı işığın rəngini dəyişəcək.

Apple şirkətinin bəyanatında deyilir ki, bir çox tədqiqatlar parlaq mavi işığın yuxunu pozduğunu göstərib. Belə işıq insanın yuxu ritminə mənfi təsir göstərir.

“Gecə rejimi” sizin cihazınızdakı saat və geolokasiyanın köməyi ilə olduğunuz yerdə qürub vaxtını müəyyən edəcək. Bundan sonra, qaş qaraldıqca, ekrandakı işıq, spektrin “daha isti” hissəsinə keçəcək. Səhər saatlarında mavi işıq ekranlara qayıdacaq.