İlham Əliyev "süni qiymət artımı" və "natəmiz insanlar" haqqında

Şəklin mənbəyi, Getty Images
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin növbəti iclasına sədrlik edib. Prezident Əliyevin nitqi əsasən manatın dəyərdən düşməsindən, bahalaşmadan və neftin qiyməti haqqında olub.
Cənab Əliyev manatın dəyərdən düşməsindən sonra "süni qiymət artımının" baş verdiyinə görə narazılığını ifadə edib, prezidentin rəsmi saytı xəbər verir.
"Son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər", APA Prezident Əliyevdən sitat gətirir.
"... Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır".
İlham Əliyev prokurorluq orqanlarına çağırış edərək deyib ki, bu məsələ ilə "çox ciddi məşğul olsunlar".
İqtisadiyyat və Sənaye Nazirliyinin ötən ilin sonunda <link type="page"><caption> yaydığı məlumatda</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/12/151222_manat_central_bank_reaction.shtml" platform="highweb"/></link> deyilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edilməsi hallarına qarşı "qanunvericiliyə uyğun tədbirlər görəcək".
2016 üçün prioritet
Nazirlər Kabinetinin iclasında İlham Əliyev deyib ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafı "prioritet olacaq, neftdən asılılığın minimuma endirilməsi üçün tədbirlər görüləcək".
"Neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq".
O həmçinin deyib ki, 2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı "hökumət təkliflər hazırlamalıdır".
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının səbəbi "kənarda yaranıb", cənab Əliyev deyib.
Həmçinin oxuyun:
<italic><link type="page"><caption> Təhlil: "Yalnız hökumətin işinə yarayan növbəti devalvasiya"</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/12/151222_manat_devaluation_analysis.shtml" platform="highweb"/></link></italic>
<italic><link type="page"><caption> Prezident manat haqqında: "Bu, qaçılmaz idi"</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/12/151223_president_about_manat.shtml" platform="highweb"/></link></italic>
"Neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır", cənab Əliyev bazar günü etdiyi çıxışında deyib.
Dekabrda Mərkəzi Bank üzən məzənnə rejiminə keçəndən sonra dolların məzənnəsi 47 faizdən çox artıb.
Münaqişələr
Ölkə başçısı son zamanlar Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gərginləşməsinə münasibət bildirib.
"Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil", o deyib.
APA-nın məlumatına görə cənab Əliyev qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra "Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb".
İran-Səudiyyə Ərəbistanı münasibətlərinə gəldikdə isə, vəziyyət "müsəlman aləmində baş verən hadisələrə təsir göstərir", cənab Əliyev deyib.



