Nazirlik süni mal qıtlığı yaradanlara qarşı "nəzarəti gücləndirib"

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
Nəzarəti nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.
Bazar ertəsi Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsindən sonra dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpiyə <link type="page"><caption> qalxıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/12/151221_manat_second_devalvation" platform="highweb"/></link>.
Bundan sonra paytaxtda bir çox ərzaq malları satan topdan və pərakəndə satış obyektləri, mobil telefonlar, elektron cihazlar və texniki avadanlıqların satışını həyata keçirən böyük mağaza şəbəkələri <link type="page"><caption> satışı dayandırıb.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/12/151221_manat_devaluation_high_prices" platform="highweb"/></link>
Ərzaq mallarından məhdud sayda satan obyektlər də olub. BBC Azərbaycancaya danışan satıcı və obyekt sahibləri bu halı manatın devalvasiyasi ilə əlaqələndiriblər.
Çərşənbə axşamı BBC Azərbaycancaya müsahibə verən və adının açıqlanmasını istəməyən ərzaq satış obyektinin işçisi səhər saatlarında bir neçə məhsulun rəflərdən yığışdırıldığını deyib. Onun sözlərinə görə, buna səbəb firmaların "məhsulun qiymətinin qaldırılması ilə bağlı" xəbərdarlığı olub.

İşçi deyib ki, "çərəz məhsulları və spirtli içkilər rəflərdən yığışdırılıb".
Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlara görə, bu gün bir neçə satış obyektində ərzaqlar yeni qiymətləri qoyulması üçün rəflərdən yığışdırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir ki, Dövlət Xidməti manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edilməsi hallarına qarşı "qanunvericiliyə uyğun tədbirlər görəcək".
Manatın il ərzində ikinci dəfə devalvasiyaya uğramasını şərh edən ekspertlər isə bildirib ki, bundan sonra xaricdən gətirilən malların qiyməti 50 faiz bahalaşacaq və bankların vəziyyəti daha da ağırlaşacaq.
Ötən gün Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov Azərbaycan dövlət televeziyasına müsahibəsində bildirib ki, manatın üzən məzənnə rejiminə keçməsindən sonra bank sektorunda situasiya stabildir.
Onun sözlərinə görə, əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur.
"Bütövlükdə, əmanətlərin 80 faizi xarici valyutadadır və onlar məzənnə dəyişikliyindən yaxşı sığortalanıb”, sədr bildirib.
Elman Rüstəmov onu da deyib ki, "optimist ssenariyə əsasən, idxal kəskin azalmalıdır".
O təklif edib ki, dəbdəbəli malların, zinət əşyalarının idxalına qarşı rüsum siyasəti sərtləşdirilsin.
"Biz bazarlarımızı qorumalıyıq, iqtisadi metodlarla idxalı məhdudlaşdırmalıyıq. Təbii ki, kimsə dəbdəbəli malları ölkəyə idxal etmək istəyirsə, böyük rüsumlar ödəməlidir, həmin rüsumlar da büdcəyə getməlidir", o bildirib.
Cənab Rüstəmovun sözlərinə görə, ixrac stimullaşdırılmalıdır və ixracatçılar üçün ucuz kreditlərin verilməsi, onlar üçün əlavə güzəştlərin müəyyən olunması istiqamətində işlər görülür.
Bu ilin fevral ayında manatın məzənnəsi kəskin azalıb, bu da azı 34 faizlik devalvasiya demək idi.




