Prezident manat haqqında: "Bu, qaçılmaz idi"

Şəklin mənbəyi, Getty
Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl manatın dəyərinin dollara nisbətən kəskin azalmasına münasibət bildirib.
Prezident deyib ki, neft gəlirlərinin aşağı düşməsi milli valyutaya mənfi təsir edib və buna görə də manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi.
Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxış edən cənab Əliyevin sözlərinə görə, hökumət bu halın baş verməsinin qarşısını almaq üçün "maksimum dərəcədə" çalışıb.
“ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur", prezident qeyd edib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrasa da, bu, neftin qiymətinin il ərzində 3 dəfə düşməsinə səbəb ola bilməz.
"Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”, İlham Əliyev bildirib.
