Marketlərdə vəziyyət necədir? BBC müxbirinin müşahidələri

- Müəllif, Günel Səfər
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Alıcı: Bəs televizorda deyirdilər qiymət bahalaşmayıb, yalandı?
Satıcı: Yalan deyirlər, ay xala, dollar 150 manat olub, necə bahalaşmasın?!
Bu dialoq paytaxtın iri mağazalarından birində səslənir. Qiymətlərdən narazı qalan alıcı məhsulları yerbəyer edən satıcıya etiraz edir. Amma satıcı da özünü haqlı sayır, axı bir gün əvvəl manat dollara nisbətdə azı 47 faiz dəyərini itirib.
Mağazada olduğum 15-20 dəqiqə ərzində satıcılara etiraz edən, hətta qəzəblənən bir neçə alıcı ilə rastlaşdım.

Makaron məhsulu almaq istəyən orta yaşlı bir xanım "xalqın qanını belə içirlər" deyir. O, bir neçə gün öncə 82 qəpiyə aldığı məhsulun üzərindəki 97 qəpik yazısına görə əsəbidir.
"Gündəlik aldığım məhsuldur, belə qiymət olar?!", deyə sual edir alıcı. Onun etirazına isə məhəl qoyan demək olar ki, yoxdur.
Satıcılardan biri etiraz edən alıcının yaxınlığındakı rəflərə məhsulları düzür. "Bunlar yeni məhsullardır?" deyə sual verdikdə, yox mənasında "çiyinlərini atan" satıcı işinə davam edir.
Bir neçə addım irəlidə bazarlıq edən bir ailə isə qiymətlərin qalxmadığı fikrindədir. Onlardan birinin sözlərinə görə, insanlar "sadəcə təşvişə düşüblər".
Düyünün qiymətinin azı bir manat artdığını deyən digər alıcı isə, heç nə almayıb və "hələ ki qiymətlərə baxdığını" deyir.

Ümumi müşahidəmə əsasən, alıcıların əksəriyyəti bayram bazarlığı edir və yumurta, düyü, süd məhsulları alırlar.
Mağazadan çox az məhsul almış alıcı isə obyekti tərk edərkən, qiymətlərin “çox baha olmasından” şikayət edir.
“Əvvəl 1 manat 5 qəpiyə aldığım xama, indi 1 manat 85 qəpiyədir, belə olmaz. Bu camaat səsini çıxarmalıdır”, deyir alıcı.
Baş çəkdiyim digər iri mağazada isə alıcılar bu qədər çox deyil.
Tək-tük alıcı arasında gözə dəyən satıcıların əllərində "yeni qiymət kağızları" var. "Sizdə də qiymət qalxıb?", sualına cavab verərkən satıcı əlindəki qiymət kağızlarına işarə edərək, "bəli" deyir.

Digər satıcı isə bəzi məhsulların köhnə qiymətlərlə satıldığı qənaətindədir.
Mağazadan çıxan alıcılar isə fərqli fikirlərdədirlər. Bəziləri hələ qiymət artımı yoxdur deyir, bəziləri isə artıq qiymətlərin qalxdığını.
"Fabrik yumurtasını kənd yumurtasının qiymətinə satırlar", bildirən alıcı kefsiz halda yoluna davam edir.
Bir alıcı isə, "dedilər ki bir neçə saatdan sonra qiymətlər qalxacaq" deyə qeyd edir.
Şəhərin müxtəlif yerlərində yerləşən bəzi kiçik mağazaların satıcıları “bəzi malların qiymətində” 30-40 qəpik fərq olduğunu bildirirlər.

Dünən satışı dayandırmış elektron cihaz və texniki avadanlıq mağazalarının bəziləri satışı bərpa edtdiklərini deyirlər.
“Bərpa olunub, amma qiymət artıb. 250 manata olan telefon artıq 330 manata satılır”, satıcı söyləyir.
Meyvə-tərəvəz satıcısı isə, manatın dəyərsizləşməsindən çox narahatdır. O, topdan satış obyektlərində qiymətlərin "hər gün dəyişdiyini" deyir.
"Biz də məcburuq qiyməti artırmağa", satıcı şikayətlənir.




