Mətbuat icmalı: Diaspora Amsterdam Müstəqil Universitetinə etirazını bildirib

Şəklin mənbəyi, Getty
"Azadlıq": Human Rights House: “Azərbaycan rəsmilərinin qarşısında əsas sınaq bu qələbənin legitim qəbul edilməsi idi”
“Beynəlxalq insan haqları təşkilatları şəbəkəsi (Human Rights House Network) Azərbaycanda seçkilərlə bağlı bəyanatla çıxış edib.
Şəbəkə bildirir ki, Azərbaycan rəsmiləri ölkədə müxalifəti susdura bildiyi kimi, AŞPA-nın beynəlxalq müşahidə missiyasını susdura və ona nəzarət edə bilməyib.”
Bəyanatda deyilir ki, 1 noyabr seçkilərində İlham Əliyevin partiyası “parlamentdə yerlərin əksəriyyətini qazanıb, digər yerlər isə tərəfdar partiyalar arasında bölünüb və bu, müxalifətin seçkiləri boykot etdiyi və Demokratik Qüvvələrin Milli Şurasının səsvermənin total şəkildə saxtalaşdırdığını bildirdiyi şəraitdə baş verib.”
Şəbəkənin nümayəndəsi Florian İrminger AŞPA missiyası daxilində seçkilərlə bağlı fərqli qiymətləndirilməyə toxunaraq deyib: “Maraqlısı budur ki, AŞPA missiyası daxilində üç parlament üzvü sayəsində bölünmə var və bu, tamamilə etibarsız deyil və bütünlükdə qeyri-legitim seçkilərə legitimlik qazandırmağa xidmət etmir. Bu isə AŞPA parlamenti üzvlərinin Azərbaycanın 2016-cı ildə AŞPA-ya nümayəndə heyətinin onların azad və ədalətli şəkidə seçilmədiyi əsas götürülərək, etimadnaməsinin qəbul edilməsini sınağa çəkə bilməsinə imkan yaradır.”
“AŞPA monitorinq missiyasının üç üzvü – Almaniyadan Ute Finkh Kramer və Frank Şvabe, İrlandiyadan Maykl Maknamara ayrıca bəyanatla çıxış edərək, seçkiləri nəyə görə “azad, ədalətli və demokratik seçkilər istiqamətində irəliyə doğru addım kimi qiymətləndirə bilmədiklərini” izah ediblər. Onlar ölkədə siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma azadlığı ilə yaranmış vəziyyətin azad və ədalətli seçkilər keçirilməsinə imkan yaratmadığını bildiriblər.
Human Rights House şəbəkəsi bildirir ki, onların bəyanatı AŞPA-nın monitorinq missiyasının rəsmi bəyanatından kəskin fərqlənir. Eyni zamanda, insan haqları qrupunun bildirdiyinə görə, sənədin yekdilliklə deyil, 16 lehinə, 7 əleyhinə səslə qəbul edilməsi AŞPA-nın monitorinq missiyasında indiyə qədər görünməmiş bölünməyə işarə edir. “Bu isə onu göstərir ki, bəyanat ölkədə müşahidə edilənləri deyil, missiyada əksəriyyətin Azərbaycan haqda demək istədiklərini əks etdirir.”
Şəbəkənin bəyanatında deyilir ki, Azərbaycan rəsmiləri seçkilərdə qələbə çalacaqlarına şübhə etmirdi, onların qarşısında əsas sınaq bu qələbənin legitim qəbul edilməsi idi. Human Rights House Network “ayrıca bəyanatla çıxış edib seçkilərin legitimliyi ilə bağlı sual qaldıran” AŞPA monitorinq missiyasının üzvlərindən razılıq edir ki, müstəqil olub demokratik prinsiplərə sadiq qalıblar.
Şəbəkənin bəyanatında deyilir ki, AŞPA 2016-cı ildə Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsini nəzərdən keçirəcək və ayrıca verilmiş bəyanat nümayəndə heyətinin lazımi stadartlara cavab vermədiyinə dair daha bir dəlildir. “Buraya Azərbaycanın bu seçkilərlə İnsan Haqlarına dair Avropa Konvensiyası qarşısında öhdəliklərə əməl etməməsi və Avropa Məhkəməsində bundan əvvəlki parlament seçkilərində pozuntularla bağlı azı 40 işdə vəkil olmuş İntiqam Əliyevin saxta ittihamlarla Azərbaycanda həbs edilməsi əlavə olunmalıdır” – deyə bəyanatda bildirilir.
Human Rights House şəbəkəsi AŞPA daxilində prinsipial səslərin Azərbaycanda vətəndaş cəmiyyətinə basqılara güclü müqavimət göstərəcəyinə və bunun nəticəsində Avropa Şurasının siyasi məhbusların azad edilməsi, repressiya atmosferinin aradan qaldırılması üçün Azərbaycana təzyiq göstərə biləcəyinə ümid etdiyini bildirib.”
"Azərbaycan": Diaspora Amsterdam Müstəqil Universitetinə etirazını bildirib
“Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Müstəqil Universitetində erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib. Bu ölkədəki erməni diasporu noyabrın 7-də universitetdə qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırır.
Azərbaycan-Türk Kültür Mərkəzi seminarın keçiriləcəyi Amsterdam Müstəqil Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın işğal olunmuş torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib ki, “respublikaının” yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insanlar öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub.
Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam universitetində çıxışının Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğuracağını bildiriblər.
Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərabycan diaspor nümayəndələri ümid edir ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlülüyü prinsiplərinə hörmətlə yanaşaraq, işğalçı rejimin nümayəndələrinə çıxış üçün şərait yaratmayacaq.”




