Misirdə aviaqəza: ölənlərin cəsədləri Rusiyaya gətirilir

Cəsədləri gətirən daha bir təyyarə Sankt Peterburqa bazar ertəsi axşam çağlarında gələcək.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Cəsədləri gətirən daha bir təyyarə Sankt Peterburqa bazar ertəsi axşam çağlarında gələcək.

Sinay yarımadasındakı təyyarə qəzasında həlak olmuş 144 rusiyalı sərnişinin cəsədi Qahirədən Sankt-Peterburqa gətirilib, Rusiya rəsmiləri deyirlər.

Sankt-Peterburqa ikinci təyyarənin bazar ertəsi axşama doğru gələcəyi gözlənilir. Bu arada ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər keçirilməyə başlamalıdır. Onun nəticəsində həlak olanların qohumlarına ölüm şəhadətnamələri veriləcək.

Kogalymavia hava şirkətinə məxsus Airbus A-321 təyyarəsi şənbə günü Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədə olan 224 adam həlak olub.

Təyyarə qalıqlarını hadisə yerinə gələn Rusiya xilasediciləri təhlil etməyə başlayıblar.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Təyyarə qalıqlarını hadisə yerinə gələn Rusiya xilasediciləri təhlil etməyə başlayıblar.

Onların əksəriyyəti Rusiya vətəndaşıdır.

Qəzadan sonra təyyarə hissələri geniş əraziyə səpələnib. Xilasetmə və axtarış üzrə əməliyyatın həyata keçirildiyi ərazi 20 kvadrat kilometrə yaxındır.

Ekspertlər təyyarənin havada parçalandığını bildirirlər.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ekspertlər təyyarənin havada parçalandığını bildirirlər.

Rusiya xilasediciləri əraziyə texnika və avadanlığı çatdırıblar. Bundan əvvəl rusiya rəsmiləri təyyarənin "havada parçalandığını" deyiblər.

Özünü İslam Dövləti adlandıran qrupun müttəfiqləri olan cıhadçılar, sosial mediada iddia ediblər ki, KGL9268 təyyarəsini onlar vurublar. Lakin Misirin baş naziri Şərif İsmayıl deyib ki, onların əlində 9,450 metr yüksəklikdə uçan təyyarəni vuracaq silahları yoxdur.

İslam Dövləti qruplaşması iddialarını əsaslandırmaq üçün heç bir görüntü təqdim etməyib.

Hadisədən sonra bir neçə aviaşirkət qəzanın baş verdiyi ərazidən uçmamaq qərarına gəlib.

Rusiya, Fransa və Misir mütəxəssislərindən ibarət beynəlxalq komissiya üzvləri qəza yerində tapılan "qara qutu"nun yazılarını təhlil etməyə başlayıblar.