Rusiya təyyarəsi "havada parçalanıb"

Şəklin mənbəyi, epa
Rusiya hava yollarına məxsus, Sinay yarımadasında da qəzaya uğramış və içərisindəki 224 adamın hər birinin həlak olduğu təyyarə havada parçalanıb, Rusiya rəsmiləri deyir.
Rusiyanın Aviasiya Komitəsinin rəhbəri Viktor Soroçenko bildirib ki, şənbə günü baş vermiş qəzanın səbəbi barədə nəticəyə gəlmək hələ tezdir.
O müxbirlərə bildirib ki, qalıqlar Sinayda 20 kvadrat metrlik ərazidə tapılıb. Hələ ki, 163 cəsəd aşkar olunub.
Bu gün Rusiyada matəm günü elan olunub.
Özünü İslam Dövləti adlandıran qrupun müttəfiqləri olan cıhadçılar, sosial mediada iddia ediblər ki, KGL9268 təyyarəsini onlar vurublar.
Ancaq Misirin Baş naziri deyib ki, qəzanın əsas səbəbi çox güman ki, texniki nasazlıq olub. O, İslam Dövləti qruplaşmasının təyyarəni guya onların vurmasına dair iddialarını rədd edib.
Ancaq üç hava yolları şirkəti - Emirates, Air France və Lufthansa - əlavə məlumat olmayana qədər Sinai yarımadası üzərindən uçmamaq qərarına gəlib.
BBC Monitorinqin apardığı təhlilə görə, təyyarənin guya "vurulmasını" göstərən video İD qruplaşmasının rəsmi kanalında yayımlanmayıb və onlara məxsus rəsmi klip deyil.
Təyyarənin qara qutuları tapılıb və istintaqa göndərilib.
BBC müxbiri Sally Nabil Qahirədən xəbər verir ki, bu hadisə Misirin onsuz da zəifləyən turizm sənayesinə böyük zərbə olacaq və Misirdə hakimiyyət istintaq prosesini mümkün qədər tezləşdirməyə çalışır.
Kogalymavia Airbus A-321 şənbə günü Şarm əl-Şeyxdən Sankt Peterburqa yola düşəndən az sonra qəzaya uğrayıb.
Misirin sivil aviasiya naziri Hossam Kamal deyib ki, təyyarədə hər hansı problemin olmasına dair məlumat yoxdur. Ancaq bundan əvvəl verilən məlumatlarda deyilirdi ki, pilot təcili enmək üçün müraciət edibmiş.




