Mətbuat icmalı: MSK Müsavat Partiyasının müraciətini qəbul etməyib

Şəklin mənbəyi, Getty

“Yeni Müsavat”: MSK Müsavat Partiyasının seçkilərdə iştirak etməmək barədə müraciətini qəbul etməyib.

“MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-ya müraciət edərək partiyanın seçkidə iştirakdan imtina etdiyini bildirib.

Müsavat Partiyası müraciətində Milli Məclisə seçkilərin 4 ay təxirə salınmasını istəyib. Müsavat Partiyasının müraciətində MSK-dan partiyanın deputatlığa namizədlərinin namizədliklərini geri götürmək üçün DSK-lara müvafiq tapşırıq verilməsini, bu məsələdə köməklik göstərilməsini istəyib.

N. Məmmədov qeyd edib ki, Müsavatın seçkilərin 4 ay təxirə salınması barədə təklifi qanunvericiliyə uyğun deyil: “Seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyası qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib. Digər tərəfdən, partiya namizədlərini özü geri çağırmalıdır. Ona görə də MSK-dan DSK-larda Müsavat Partiyasının namizədlərinin namizədliklərini geri götürməkdə yardım istəməsini xahiş etməsi anlaşılan deyil”.

Daha sonra MSK məsələni səsverməyə çıxararaq Müsavat Partiyasının müraciətinin qəbul olunmaması, MSK-nın məsələ ilə bağlı mövqeyinin ictimaiyyətə çatdırılması barədə qərar qəbul edilib.

“Yeni Müsavat”: MTN radikal islamçılara “krışalıq” edirmiş

“Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra MTN-də başlanan istintaq hər keçən gün eks-nazirin qruplaşmasının yeni-yeni əməllərini üzə çıxarır. Bu məlumatlardan bəziləri mətbuata da sızdırılır. Ancaq bir çox məlumatlar hələ də ictimailəşdirilmir.

…Məlum olur ki, MTN məmurları dövlətin təhlükəsizliyi üçün riskli hesab olunan məqamları belə nəzərə almadan hər fürsətdə rüşvətxorluq, haqq toplama, pul xatirinə cinayət əməllərinə qol qoyublar. Hüquq-mühafizə orqanlarına yaxın olan mənbələrdən əldə etdiyimiz məlumata görə, bu istiqamətlərdən biri də MTN-in dünyanın diqqət mərkəzində olan və beynəlxalq təhlükəsizliyin bir nömrəli probleminə çevrilmiş dini ekstremizm və onun Azərbaycanda yuva salmış “radikal vəhhabi” qanadına illər ərzində “krışalıq” etməsi faktlarını araşdırmaqdadır.

Mənbə bildirir ki, son illər “vəhhabi” məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçib. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa - onların bizneslərindən tutmuş məişət cinayətlərinədək, təbliğat mexanizmləri, saytlarından tutmuş daxili “razborkalar”ınadək - bütün məsələlərdən digər strukturları (DİN, Gömrük, Vergilər, hətta DQİK və QMİ) uzaqlaşdırıb.

Ancaq məlum olur ki, “əməliyyat zərurəti” əslində MTN rəsmilərinin gəlirli sahəyə təkbaşına nəzarət etmək məqsədinə xidmət edib. Nəticə isə göz onündədir: son illər əsasən maddi şirnikləndirmə üslubu ilə yayılan bu təriqət Azərbaycanın bütün bölgələrində vüsət alıb, on minlərlə tərəfdar toplayıb və ən mütəşəkkil dini qruplaşma mövqeyinə sahib olub.

Qəzet yazır ki, bütün bu əməllərə sanksiya birbaşa MTN-in şefindən gəlib və vəhhabilərdən toplanan xərac haqda da birbaşa ona “hesabat” verilib. “Eldar Mahmudovun işdən azad edilməsindən cəmi bir neçə gün sonra keçirilmiş antiterror əməliyyatı zamanı sələfi qruplaşmasının “kassiri” sayılan, Qamət Süleymanovun müavini Adil Rəcəbovun həbsi də bu proseslə bağlı ola bilər.

“Azərbaycan”: Energetika naziri də yoxlamaları dayandırmaqla bağlı tapşırıqlar verib

“Energetika naziri Natiq Əliyev nəzarət orqanlarına tapşırıq verib ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın.

…Bu barədə nazirlikdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirəsindəki çıxışında irəli sürülən məsələlərə və nazirliyin bir qrup əməkdaşının mükafatlandırılmasına həsr olunan kollegiya iclasında energetika naziri Natiq Əliyev məlumat verib.

N.Əliyev deyib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən həyata keçirilən nəzarət funksiyasından ancaq dövlətin xeyrinə istifadə olunmalıdır. “Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır. Yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlanıla bilər. Kimsə vəzifə səlahiyyətlərini aşaraq, qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək, işdən azad ediləcək”.”

“Azadlıq”: Keçmiş MTN rəhbərinin atasının heykəli uçurulub

Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazıb ki, keçən gün “Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb.

Onun sözlərinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.”

“Azadlıq”: Beş aydır maaş ala bilməyən işçilər nazirlik qarşısında aksiya keçiriblər

“Bakıda “Azərinşaatservis” MMC-nin 5 aydır maaş ala bilməyən işçiləri Əmək və Əhalinin “Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib. Etirazçılardan iki nəfəri nazirliyin qəbul otağına dəvət edilib, onların şikayətləri dinlənilib.

Nazirlikdən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü – noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək. Bu barədə nazirlikdən narazı işçilərə noyabrın 2-də məlumat veriləcək və onlar nazirlə görüşə çağırılacaqlar.”

Ancaq 5 aydır ki, maaş ala bilməyən işçilər bu vədlə razılaşmayıb Prezident Administrasiyasına doğru hərəkət etməyə çalışıblar.

“Əraziyə göndərilən polis əməkdaşları narazı fəhlələrin ümuni kolon şəklində hərəkət etmələrinə icazə verməyiblər. Fəhlələrin qarşısı Yasama Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kəsilib. Onlardan 3 nəfəri PPX maşını ilə Polis İdarəsinə aparılıblar. Polis İdarəsinə götürülən 3 nəfərin idarə rəisinin qəbuluna aparıldığı və onların problemlərinin dinləniləcəyi bildirilib.

Polis əməkdaşları digər aksiyaçıların dağılmasını tələb ediblər və heç kimə aksiya üçün icazə verilməyəcəyini bildiriblər.”