Azərbaycan vəkilləri: təmənnasız və çoxsaylı işlər

Şəklin mənbəyi, AFP
Azərbaycanda son iki ildə vətəndaş cəmiyyətinə qarşı baş verən təzyiqlər, təkcə onlarla insan haqları müdafiəçisi və jurnalistlərin həbsiylə nəticələnməyib, həmçinin vəkillər üçün çətinliklər yaradıb.
"Siyasilərin işləri" kimi tanınan belə məhkəmə proseslərinə çıxan vəkillər BBC Azərbaycancaya iş rejimi, az qonorarlar və təmənnasız məhkəmə işlərindən danışıb.
On ildən çoxdur vəkil kimi çalışan Fariz Namazlı deyir ki, ayda təxminən 30-a yaxın işdə vəkillik edir. Hərçənd elə vəkillər var ki, yalnız ildə 30 iş götürür, Namazlı əlavə edir.
Yüklənmiş iş rejimi
"Təbii ki ağırdır. İnsan haqları ilə bağlı olan işləri bəzən çatdırmaq olmur. Bir gündə 2-3 proses olur, ona görə siyasilərin işlərində bir neçə vəkil olur ki, bir-bimizi əvəzləyək", vəkil Namazlı deyir.
Lakin bu əvəzləmə də bəzən vəkillərin işini asanlaşdırmır. Cənab Namazlı jurnalist Xədicə İsmayılın məhkəmə proseslərini misal çəkərək deyir ki, "hər gün proses salınırdı, belədə başqa işlərimiz qalırdı, həm də hakim gəlir elan verir ki, proses təxirə salınır və gedir. Heç vəkillərdən soruşmur ki, siz nə istəyirsiniz".
O əlavə edir ki, cinayət işlərində bəraət hökmlərinin sayı azdır, "halbuki bəraətverici əsasların sayı daha çoxdur, amma məhkəmə bəraət hökmü çıxarmır".
"Məhkəmə aşağı çəza verirsə, prokuror protest verir, yuxarı instansiya hökmü daha da ağırlaşdırır, amma vəkil şikayət verəndə buna baxan yoxdur."
Bu baxımdan vəkil deyir ki, Azərbaycan məhkəməsində prokuror daha üstün mövqeyə malikdir. Hərçənd müstəqil məhkəmə üçün hər iki tərəf eyni olmalıdır.
"Məsələn, mən vəsatət verirəm, hakim prokurordan mövqe gözləyir. Prokuror desə ki, təmin olunmayacaq, deməli olunmayacaq", vəkil izah edir.
Müstəqil vəkillərə basqılar
Azərbaycanda məhkəmə qərarlarından narazı qalanların işlərini Avropa İnsan Haqları Məhkəməsinə ötürən vəkil Əsabəli Mustafayev son bir ildə "az - üç-dörd iş" götürdüyünü deyir.
"İndi mənim AİHM ilə 100-ə yaxın kommunikasiyada olan işim var. Bu vaxt baxımından imkan vermir ki əlavə işlər götürüm".
Vəkil qeyd edir ki, bu, həm də özünümüdafiə xarakteri daşıyır.
"Artıq son zamanlar müstəqil vəkillərə qarşı o qədər basqılar başlayıb ki. Haradan zərbə gələcəyini bilmirsən. Yaxından tanımadığım, vicdanına və ləyaqətinə bələd olmadığım insanların işlərini götürmürəm. Bəzən belə adamlardan istifadə edərək vəkillərə qarşı addımlar ata bilirlər".
Təmənnasız və az qonorarlı işlər
Lakin ağır iş rejimi və basqılar vəkilləri təmənnasız və ya az qonorarlı proseslərə çıxmaqdan yayındırmır.

Vəkil İradə Cavadova deyir ki, həm mülki, həm də cinayət işlərində təmənnasız apardığı işlər var.
"Qadınlıq orqanları əməliyyatla götürülmüş bir qadına təmənnasız vəkillik edirəm, uzun illərdir", deyən Cavadova əlavə edir ki, Azərbaycanda analoji işlərin müxtəlif qərarları olduğundan vəkil kimi çalışmaq çox çətindir.
İradə Cavadova Anar Məmmədlinin I İnstansiya Məhkəməsində vəkili olub, hazırda da İntiqam Əliyevin hüquqlarını müdafiə qrupuna qoşulub.
"Anar Məmmədli dostumuz idi, ona görə mən təmənnasız işləyirdim. Həm də mən Anar Məmmədlinin günahının olmasına heç qətiyyən inanmıram, hesab edirəm ki, o günahsız olaraq həbs edilib, onun işində deyilən zərrəçəkmişlər faktiki olaraq yox idi, ortada heç bir zərər də yox idi. Hesab edirəm ki, hətta vergi borcu yaransaydı belə ona cinayət işi açılmamalı idi".
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri <link type="page"><caption> Anar Məmmədli</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140526_anar_mammadli_smdt" platform="highweb"/></link> vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir etməkdə ittiham edilərək 5 il 6 ay həbs cəzası alıb.
Hüquq müdafiəçisi İntiqam Əliyev 2014-cü il avqustun 8-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunaraq həbs edilib, onun barəsində 3 il dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaq haqqından məhrum edilməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.
"Motivasiya"
Vəkil Namazlı deyir, iş təcrübəsinə pulsuz hüquqi yardımla başladığından hələ də ictimai əhəmiyyətli işlərə marağı var.
"Baxır işə. Bəzən iş Avropa Məhkəməsi perspektivi və ya ölkə daxilində başqa işlərə təsiri baxımından daha maraqlı gəlir".
O daha çox narkotik maddə ittihamı olan işlərə təmənnasız vəkillik etdiyini deyir. Səbəb isə, Namazlının sözlərinə görə, bu işlərin istintaqının Azərbaycanda bərbad aparılmasıdır.

Şəklin mənbəyi, Emin Bebirov
"Eyni adamları- ştatlı hal şahidlərini gətirirlər ki, şahidlik et. Artıq o hal şahidlərini də tanıyırıq, onlar barədə məlumat toplamışıq. Eynitipli başqa işlərdə istifadə ediləndə məhkəməyə deyirik ki, onlar başqa işlərdə də olub, şahid ola bilməzlər."
Fariz Namazlı kimi əhaliyə pulsuz hüquqi məsləhətlər də verdiyini deyən vəkil Əsabəli Mustafayev qeyd edir ki, onun motivasiyası insanların öz hüquqları barədə "heç olmasa bilgilənməsidir".
Qonorarlara gəldikdə isə, cənab Mustafayev bildirir ki, onlara müraciət edən insanların maddi imkanları adətən çox aşağı olduğu üçün vəkillər "az qazanır". Buna görə də eyni anda çox iş götürməyə, şənbə-bazarsız işləməyə məcbur olurlar.
"Tanınmışların, iş adamlarının, vəzifəlilərin qohumlarının vəkillərinin qonorarları (bir işə görə) 2000-3000 manat da olur, lakin nə mənim təcrübəmdə, nə də tanıdığım, daim əlaqədə olduğum vəkillərdə elə bir müqavilə olub."
Vəkil Mustafayev hazırda jurnalist <link type="page"><caption> Rasim Əliyevin</caption><url href="http://www.bbc.com/azeri/region/2015/08/150809_rasim_aliyev_dies" platform="highweb"/></link> döyüldükdən sonra ölməsi ilə əlaqədar prosesi təmənnasız aparır.
"Bu, ictimai əhəmiyyətli işdir. Onun ailəsinə ciddi zərbə dəyib, onları maddi ziyana salmaq adamın vicdanına sığmır. Bu onlara bir köməyimizdir ki, onların hüquqları itməsin."
Əsabəli Mustafayev şəxsi təcrübəsinə istinadən qeyd edir ki, təmənnasız işlərin əvəzinə ofis və digər xərclərini ayda və ya iki aydan bir AİHM-də udulan işlərdən gələn maliyyə ilə ödəyir.
Qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanda həbs edilən insan haqları müdafiəçiləri və hüquqşünasların həbsini "siyasi motivli" işlər adlandırır.
Azərbaycan höküməti isə ölkədə heç kimin peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmadığını deyir.





