Xədicə İsmayılovaya 7 il 6 ay həbs cəzası kəsilib

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılova haqqında 7 il 6 aylıq azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Vəkil Fariz Namazlı bildirib ki, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma ittihamına görə jurnalist bəraət qazanıb.
Xədicə İsmayılova verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
Dövlət ittihamçısı jurnalistə 9 il həbs cəzası tələb etmişdi.
Beynəlxalq reaksiya
Britaniyanın Xarici İşlər Nazirliyi Xədicə İsmayılovaya həbs cəzasının kəsilməsi barədə bəyanat verib.
"Mən Xədicə İsmayılovaya 7 il yarım həbs cəzasının verilməsinə görə dərindən narahatam. Məni məhkəmənin aparılması yolları barədə məlumatlar narahat edir və Azərbaycan hakimiyyətini onun işinə şəffaf və ədalətli tərzdə yenidən baxmağa çağırıram", Nazirliyin Avropa üzrə rəhbəri David Lidington deyib.
"Biz Azərbaycanı qanunun aliliyinə hörmət etmək barədə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə və insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün konkret addımlar atmağa çağırıram. Birləşmiş Krallıq Azərbaycanda insan haqları barədə narahatlıqlarını ifadə etmək üçün hər bir imkandan istifadə edəcək", o əlavə edib.
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic bu qərarı "dəhşətli xəbər" adlandırıb.

Şəklin mənbəyi, BBC World Service
Dunja Mijatovic və Avropa Şurası İnsan Haqları Komissarı Nils Muiznieks Xədicə İsmayılovanın həbsi barədə qərarı pisləyən birgə bəyananat yayıblar.
"Xədicə İsmayılovaya qarşı sürülmüş ittihamlar və məhkəmə işi ədalətsizdir; bunlar açıq-aşkar onu göstərir ki, hakimiyyət Azərbaycanda tənqidi səsləri boğmaqda davam edir", Mijatovic bildirib. "Mən təkrarən Azərbaycan hökümətini jurnalistləri hədəf almağı dayandırmağa çağırıram".
“Xədicə İsmayılova, tənqidi fikirlərin aramsız təqib olunduğu ölkədə, araşdırmaçı jurnalist kimi cəsur fəaliyyətinə görə cəzalandırıldı. Bu həbs qərarı insan hüquqlarına və demokratiya ənənlərinə, Azərbaycan qanunlarının aliliyinə növbəti zərbə oldu.”
Index on Censorship təşkilatı bu xəbəri "azad sözün boğulması" <link type="page"><caption> adlandırıb</caption><url href="https://www.indexoncensorship.org/2015/09/suffocating-free-expression-azerbaijani-journalist-faces-7-years-6-months-in-prison/" platform="highweb"/></link>.
Human Rights Watch təşkilatının direktoru Kenneth Roth hökmü "biabırçı" adlandırıb.
"Xədicə İsmayılovaya qarşı biabırçı qərar onu göstərir ki, Azərbaycan hakimiyyəti tənqidçilərdən qisas almaq üçün qanunu pozmağa hazırdır", təşkilatın bəyanatında cənab Roth-dan sitat gətirilir. "Onun hökmü və cəzası dərhal ləğv olunmalıdır".
Məhkəmənin qarşısında təxminən 50 nəfər, o cümlədən jurnalistlər, hüquqşünaslar və müxalifət siyasətçiləri qərarı gözləyib, müxbirimiz Xanım Cavadova xəbər verir.
Bazar ertəsi keçirilən prosesdə jurnalist Xədicə İsmayılova "son söz" söyləyib.
Avqustun 26-da müdafiə tərəfi jurnalist barəsində cinayət işinə xitam verilməsini tələb edib və bəraət istəyib.

Şəklin mənbəyi, AP
BBC Azərbaycanca müxbiri məhkəmə qarşısından xəbər verir ki, yaxınlıqdakı çayxana bu günlük bağlanıb. O, səbəbin məhkəmə qarşısına toplaşa biləcək insanların sayının çoxalmasından ehtiyatlanmalarla bağlı ola biləcəyini güman edir.
İttihamlar
AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub.
O, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri üzrə təqsirli bilinib. Keçmiş həmkarını özünəqəsd həddinə çatdırma ittihamına görə jurnalist bəraət qazanıb.

Prokuror jurnalist barəsində özünüöldürmə həddinə çatdırma maddəsinə görə 5 il, qanunsuz sahibkarlıq maddəsinə görə 4 il, mənimsəmə maddəsi üzrə 8 il, vergidən yayınmaya görə 2 il və vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə 5 il istəyərək və cəzaları qismən toplamaq yolu ilə yekun olaraq 9 il həbs cəzası istəyib.
Jurnalist və onun tərəfdarları ittihamların siyasi motivli olduğunu deyirlər.






