Mətbuat icmalı: Şamaxıda "seçki saxtakarlığına" qarşı etiraz

Şəklin mənbəyi, Getty
“Azərbaycan”: Gəncə Dövlət Universiteti ilə Fransanın Yuxarı Alzas Universiteti arasında çərçivə müqaviləsi bağlanıb
“Fransanın Müluz şəhərindəki Yuxarı Alzas Universitetində Nizamı Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılış mərasimindən sonra bu universitetlə Gəncə Dövlət Universiteti arasında çərçivə müqaviləsi imzalanıb.
Çərçivə müqaviləsinin əsas məqsədi Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının gələcək fəaliyyətini müəyyən etmək, Azərbaycan ilə Fransa arasında ədəbiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafına töhfə verməkdir.
Müqaviləyə əsasən hər iki universitet birgə seminarlar, konfranslar təşkil edəcək, tədris və tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək, müəllim və tələbə mübadiləsi həyata keçirəcək.”
“Xalq qəzeti”: Təhsil Naziri Rusiyada səfərdə olub
“Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov oktyabrın 30-31-də Rusiya Federasiyasının Moskva şəhərində işgüzar səfərdə olub.
Səfərin ilk günü Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüşdə Elm və Təhsil sahəsinə Nəzarət üzrə Federal Xidmətin direktor müavini Aleksandr Biserov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da iştirak ediblər.
Təhsil Nazirliyindən aldığımız xəbərdə bildirilir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının lisenziyalaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.”
“Yeni Müsavat”: “Hərracda satışa çıxarılan "Mardan palas" "Halkbank" tərəfindən satın alınıb”
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun inşa etdirdiyi Antaliyadakı "Mardan palas" otelinin yeni sahibi "Halkbank" bankıdır.
Beşulduzlu otelə 719 milyon lirə qiymət qoyulsa da o 360 milyon 50 min lirəyə (132 milyon 804 min AZN) satılıb.
Hərrac zamanı yeganə təklif Türkiyənin "Halk Bank"ından gəlib.
“Bu satışdan gələn vəsaitinin 270 milyon lirəsinin (100 milyon AZN) "Garanti Bankı"na ödənilməsi gözlənilir.
"Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib.” 2009-cu ildə istifadəyə verilmiş otelin açılışına Paris Hilton, Monika Bellluci, Mel Gibson kimi dünya ulduzları qatılıblar.
“Azadlıq”: AŞPA missiyasının üzvləri: “Biz Azərbaycanda keçirilmiş seçkiləri azad, ədalətli və demokratik adlandıra bilmərik.”
“Avropadan gələn yeganə müşahidə missiyası qiymətləndirmə məsləsində parçalandı. Azərbaycanda 1 noyabr parlament seçkisini Qərb strukturları içərisində müşahidə edən yeganə missiya – AŞPA müşahidə qrupu nəticələri qiymətləndirmə məsələsində parçalanıb. Missiyanın 3 nəfər üzvü ayrıca bəyanat verərək bu seçkini demokratik saymadıqlarını elan ediblər.
“Biz Azərbaycanda keçirilmiş seçkiləri azad, ədalətli və demokratik adlandıra bilmərik.
...Ölkədəki siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma və təşkilatlanma azadlığı sahələrində vəziyyət azad və demokratik seçkilərin keçirilməsinə şərait yaratmır.
Bu seçkilərə hazırlıq insan haqları sahəsində vəziyyətin pisləşməsi ilə keçib, halbuki insan haqları azad və ədalətli seçkilər üçün şərarit azad və demokratik seçkilər üçün önəmli ilkin şəraitdir.
Söz və mətbuat azadlığının pozulması uzun müddətdir yerli və beynəlxalq ictimaiyyətin narahatlıq predmetidir, indi isə jurnalistlərin təqibi təmayülü və onların uydurma ittihamlarla həbsi daha da güclənib”, – deyə Almaniyadan olan deputatlar Frank Şvabe, Ute Finkx Kremer və İrlandiyadan olan deputat Maykl Maknamaranın yaydığı bəyanatda bildirilir.
Bəyanat müəllifləri hakimiyyətin vətəndaş cəmiyyətinə, insan haqları ilə məşğul olan QHT-lərə təzyiq göstərdiyini bildirir. Bəyanatda məşhur hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və başqalarının qanunsuz həbsi xatırladılır.”
AŞPA-nın Müşahidə Missiyasının digər üzvlərinin hesabatında isə deyilir ki, ümumilikdə seçkini müsbət qiymətləndirsələr də, bəzi problemlər qalmaqdadır. Onlar da “insan hüquqları sahəsində vəziyyət və hüquq müdafiəçilərinin, digər vətəndaş cəmiyyəti fəallarının həbsxanalarda saxlanılması ilə bağlı narahatlıqlarını bildiriblər.”
Qəzet əlavə edir ki, “hakimiyyətin mövqeyini ifadə edən üzvlər hələ seçkidən əvvəl Azərbaycana gələndə Milli Şura, AXCP, “REAL” və “NIDA” onlarla görüşdən imtina etmişdilər. Hələ o zaman onların hökumətin mövqeyini müdafiə edəcəyi bəlli idi.”
“Azadlıq”: Şamaxıda "seçki saxtakarlığına" qarşı etiraz aksiyası keçirilib
Şamaxı sakinləri noyabrın 1-də keçirilmiş parlament "seçkilərinin nəticələrinin saxtalaşdırılmasına" etiraz olaraq, aksiya keçiriblər, Azadlıq qəzeti bildirir.
Bu məqsədlə noyabrın 2-si saat 11:45 radələrində Şamaxı rayon məhkəməsinin qarşısında 100 nəfərə yaxın etirazçı toplaşıb. Aksiya iştirakçıları arasında deputatlığa namizədlərdən Vəfalı Fətullayev, Qəhrəman Şəhriyarın da olduğu bildirilir.
“Namizədlər seçkinin saxtalaşdırıldığını bildiriblər. Onların sözlərinə görə, noyabrın 1-də keçirilən səsvermənin gedişi zamanı müşahidə etdikləri saxtakarlıq faktları ilə əlaqədar gün ərzində bir neçə dəfə Dairə Seçki Komissiyasına müraciət etsələr də, heç bir tədbir görülməyib".
“Azadlıq”: “Azərbaycanda seçki institutu sıradan çıxarıldı” - AXCP lideri
ABŞ-ın ““Bloomberg” agentliyi “Azərbaycanda hakim partiya mübahisəli səsvermə nəticəsində parlamenti ələ keçirdi” başlıqlı məqalədə yazır ki, bu ölkədə insan haqlarının pozulması ilə əlaqədar ABŞ və Avropa Ittifaqının Azərbaycan hökumətilə münasibətləri pisləşir.
AXCP və digər müxalifət təşkilatları, o cümlədən Müsavat partiyası seçkini boykot edib, agentliyin məqaləsində deyilir.
“Bu, bizim müstəqillik tariximizdə ən biabırçı seçkidir. Bu gün rejim vətəndaşlarımızın seçki yolu ilə hakimiyyət dəyişikliyinə olan inamını öldürdü, seçki institutu sıradan çıxarıldı”, – deyə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.
Məqalədə həmçinin Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən bəri ilk dəfə olaraq ATƏT-in ölkədə keçirilən seçkiyə müşahidəçi göndərməkdən imtina etməsi məsələsi vurğulanır.
“Avropa Şurası Parlament Assambleyasının 28 nəfərlik müşahidə missiyasının üzvləri arasında Azərbaycandakı seçkiyə münasibətlə bağlı parçalanma yaranıb.Müşahidə missiyasına daxil olanların bir qismi bəyanat yayaraq bildirib ki, səsvermə beynəlxalq standartlara uyğun keçirilib. Lakin AŞ PA üzvlərinin bir qrupu ayrıca bəyanat yayaraq qeyd edib ki, bu seçkini azad, ədalətli və demokratik adlandırmaq olmaz”.”
Almaniyanın yarım milyon tirajı olan “Die Zeit” qəzeti isə Azərbaycanı Qafqazın avtoritar ölkəsi kimi təqdim edib.
““Qafqazın avtoritar ölkəsi olan Azərbaycanda əvvəlcədən gözlənildiyi kimi, hakim Yeni Azərbaycan Partiyası tam qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının səslərin 91 faizinin hesablanmasından sonra açıqladığı nəticələrə görə, prezident İlham Əliyevin partiyası parlamentdəki 125 yerin ən azı 69-na sahib olub. Əsas müxalifət partiyaları seçkini boykot edib. Onlar əvvəlcədən bəyan etmişdilər ki, səsvermənin nəticələri saxtalaşdırılacaq".
Müstəqil beynəlxalq müşahidəçilər də Azərbaycandakı seçkini izləməkdən imtina edib.
Yazıda Belarusla Azərbaycan rəhbərlikləri arasında paralellər aparılıb: “Maraqlıdır ki, Belarus rəhbərliyindən fərqli olaraq, Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunmur. Neftlə zəngin Azərbaycan həm də Avropa Ittifaqı üçün vacib iqtisadi tərəfdaşdı. Təkcə Almaniya bu ölkədən keçən il 2 milyard avrodan artıq neft alıb.
“Azadlıq” qəzeti BBC-nin seçkilər barədə reportajından da yazıb. Reportajda qeyd olunur ki, hökumət tənqidçiləri parlament seçkisinin nəticələrinin hələ səsvermədən əvvəl bəlli olduğunu söyləyiblər.
BBC-nin Cənubi Qafqaz müxbiri Rayhan Demytrie bildirir ki, həqiqətən də müxalifətçi sayılacaq heç bir siyasi təşkilat bu səsverməyə qatılmayıb. Müəllifin sözlərinə görə, bazar günü keçirilmiş seçki neftlə zəngin bu ölkədə despotik siyasi mühitin olduğunu bir daha xatırladıb: “Son iki ildə Azərbaycan hakimiyyəti demək olar ki, bütün tənqidi səs sahiblərini – jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və insan haqları vəkillərini həbsxanalara salıb”.




