Xədicə İsmayılovaya bəraət istənilib

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın məhkəmə prosesində müdafiə tərəfi çıxış edib.
Vəkillər jurnalist barəsində cinayət işinə xitam verilməsini tələb edib və bəraət istəyib.
Vəkil Fəxrəddin Mehdiyev BBC Azərbaycancaya bildirib ki, bundan sonra Xədicə İsmayılova "son söz" söyləməlidir.
"Hakim prosesi sabaha təyin etmək istəyirdi, Xədicə vəsatət verdikdən sonra proses 31 avqusta təyin edildi".
Digər vəkil Fariz Namazlı bildirib ki, müdafiə tərəfi istintaqın təzələnməsi barədə vəsatət verib.
"Çünki prokuror çıxış edəndə məhkəmə istintaqında tədqiq edilməyən sübutlara istinad etmişdi. Biz həmin sənədlərin təqdim edilməsi və prokurorun təhrif edilmiş çıxışlarına yenidən baxılmasını istədik, amma vəsatət təmin olunmadı".
"Xədicə İsmayılova bilir ki, heç nə yoxdur, boş stəkandan iş çıxarırlar. O da gülür, deyir, elə belə də olacaqdı", prosesdə iştirak edən jurnalistin anası Elmira İsmayılova bildirib.
Ötən həftə dövlət ittihamçısı jurnalistə 9 il həbs cəzasının verilməsini istəyib.
Təqribən saat 11:00-da başlayan prosesi ABŞ, Britaniya, Norveç səfirliklərinin nümayəndələri izləyib.
Bu arada zala buraxılmayan bır sıra jurnalist və fəallar məhkəmə qarşısında toplaşıb, BBC Azərbaycancanın müxbiri Xanım Cavadova məhkəmə binasının qarşısından xəbər verir.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub.
O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.
Jurnalist və onun tərəfdarları ittihamların siyasi motivli olduğunu deyirlər.




