Xədicə İsmayılovanın məhkəməsi: Sabah dövlət ittihamçısı çıxış edəcək

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın məhkəmə prosesi sabah davam etdiriləcək və prosesdə dövlət ittihamçısı çıxış edəcək.
Təxminən saat 11:00-da başlayan məhkəməyə bir neçə xarici səfirlik nümayəndəsi buraxılıb. Bir çox media nümayəndəsinin zala daxil olmasına icazə verilməyib, BBC Azərbaycanca müxbiri Günel Səfər məhkəmə qarşısından xəbər verib.
Bu gün prosesdə Bakı Vergilər Departamentinin Dövlət Vergi müfəttişləri dindirilib.
Şahidlər dünən müdafiə tərəfinin 2015-ci il yanvarın 19-da vergi yoxlaması keçirmiş və "aralıq aktını" tərtib edən vergi əməkdaşlarının və həmin akt əsasında rəy tərtib edən ekspertlərin dindirilməsi ilə bağlı vəsatətinin qismən qəbul edilməsindən sonra məhkəməyə çağırılıblar.
Vəkil Fariz Namazlı BBC Azərbaycancaya bildirib ki, şahidlər ifadə verdikdən sonra müdafiə tərəfi vəsatət qadıraraq, "aralıq aktını" və onun əsasında tərtib edilmiş ekspertiza rəyini "yolverilməz sübutlar kimi" sübutlar siyahısından xaric olunmasını istəyib.
"Vergi məcəlləsində "aralıq aktı" deyə bir termin yoxdur. Hem de "aralıq aktı" zamanı müfəttişlər Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin fəaliyyətini yoxlayıblar və belə bir nəticəyə gəliblər ki, həmin məsələyə görə qanun pozuntusuna Xədicə İsmayıl yol verib", vəkil bildirib.
Cənab Namazlı qeyd edib ki, vəsatət təmin olunmayıb, amma hakim "yekun qərar qəbul edilən zaman bu məsələni qiymətləndirəcəyini" də deyib.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü il dekabr ayında həbs olunub.
O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.




