Xədicə İsmayılın məhkəməsi keçirilib
Araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi sabah davam etdiriləcək.
Vəkil Fariz Namazlının sözlərinə görə, müdafiə tərəfinin qaldırdığı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təmin olunmayıb.
"Ekspertiza rəyində Xədicə İsmayılın baş verən vergi puzuntularına görə məsuliyyət daşıdığı yazılıb. Amma bu iddialar nəyin əsasında yazılıb, o məlum deyil", vəkil bildirib.
"Sonra məhkəmədə bir sıra sənədlər tədqiq edildi. Biz xahiş etdik ki, iş materiallarında Xədicə İsmayılın imzası ilə iş müqaviləsi varsa, bizə elan edilsin. Onlar belə bir sənədin də olmadığını dedilər, " cənab Namazlı əlavə edib.
Növbəti vəsatət Azadlıq Radiosu rəhbərliyinin hakim Ramella Allahverdiyeva və baş prokuror Zakir Qaralova yazdığı məktubunun işə daxil edilməsi ilə bağlı olub.
Xədicə İsmayıl bildirib ki, ona verilən 5 maddənin 4-ü Azadlıq Radiosu ilə bağlıdır, maliyyə məsələlərinə məsuliyyət daşımadığı halda ehtimal olunan pozuntularla bağlı ekspertlər tərəfindən rəylər verilib.
Jurnalist məktubunun mətnini səsləndirib və hakim Ramella Allahverdiyeva Xədicə İsmayıla məktubu başa çatdırmağa imkan verməyib.
O deyib ki, “məktub mənə ünvanlanıb, nə vaxt gəlib çatsa, özüm oxuyacam”.
Xədicə İsmayıl məktubu ifadəsinə əlavə kimi işə daxil edilməsini istəyib. Hakim razılaşmayıb, Azadlıq Radiosu yazıb.
Daha sonra müdafiə tərəfi 2015-ci il yanvarın 19-da vergi yoxlaması keçirmiş və "aralıq aktını" tərtib edən vergi əməkdaşlarının və həmin akt əsasında rəy tərtib edən ekspertlərin dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəkil Fariz Namazlı BBC Azərbaycancaya bildirib ki, bu vəsatət qismən təmin edilib və vergi əməkdaşlarının çağırılmasına qərarı verilib.
Prosesdə Bakı Vergilər Departamentinin Dövlət Vergi müfəttişi İmran Nurməmmədov ifadə verib, ancaq iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanıb.
Məhkəmə avqustun 20-də saat 11:00-də davam edəcək və vergi əməkdaşları dindiriləcək.
Prosesin başladığı vaxtda, təxminən saat 15:00-da məhkəmənin qarşısında jurnalistlər etiraz aksiyası keçirib. Onlar əllərində şarlar və "Xədicəni azad edin" şüarları tutublar, BBC Azərbaycanca müxbiri Günel Səfərova məhkəmə qarşısından xəbər verib.
Məhkəmə zalına bir neçə ailə üzvü buraxılıb, o deyib.
Bu gün dövlət ittihamçısısının çıxış edəcəyi gözlənilir.
Dünən iclasın sonunda məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb və Azadlıq radiosunun ofisində axtarış protokolu, aralıq akt, məhkəmə mühasibatlıq ekspertizasının rəyi və digər sənədlər elan olunub.
Vəkil Fariz Namazlının sözlərinə görə, prosesin birinci yarısında müdafiə tərəfinin heç bir vəsatəti təmin edilməyib.
"Məhkəmə sədrinə etiraz, əlavə şahidlərin dindirilməsi, Azadlıq radiosunun ofisində aparılmış axtarışın qanunsuz elan olunması da daxil olmaqla 10-a yaxın vəsatətimiz təmin edilmədi", vəkil deyib.


Bundan başqa, Xədicə İsmayıl məhkəmə proseslərinin tez-tez keçirilməsinə etiraz edib. Bu halın müdafiə işinin keyfiyyətli keçirilməsinə mane olduğu üçün jurnalistin verdiyi vəsatət də dəmin olunmayıb.
Çərşənbə axşamı təxminən saat 11:00-də başlayan məhkəmə prosesinə Almaniya, Böyük Britaniya səfirliklərinin, Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları və jurnalistin bir neçə ailə üzvü buraxılıb.
Norveç səfirliyinin əməkdaşı isə məhkəmə zalına daxil ola bilməyib, müxbirimiz deyib.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl 2014-cü il dekabr ayında həbs olunub.
O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.




