Xədicə İsmayılın məhkəmə prosesi keçirilib

Araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi gələn həftə davam etdiriləcək.

Vəkil Fəxrəddin Mehdiyev BBC Aərbaycancaya deyib ki, məhkəmədə hakim və məhkəmənin katibinə etiraz verilib.

"Xədicə İsmayılın adından məhkəmənin sədri Ramella Allahverdiyavaya etiraz verildi. Müzakirədən sonra, etiraz qəbul edilmədi. Məhkəmənin katibinə də məhkəmə iclas protokolundakı saxtlaşdırmaya yol verildiyinə görə etiraz verilsə də o da təmin olunmadı", vəkil bildirib.

Cənab Mehdiyevin sözlərinə görə, prosesdə müdafiəçilər tərəfindən verilən əlavə şahidlərin dindirilməsi və əlavə sübutların tədqiq olunması ilə bağlı vəsatətlərin də heç biri təmin edilməyib.

Növbəti məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.

Təxminən saat 15:00-da başlayan məhkəmə prosesinə ABŞ, Fransa, Norveç və Almaniya səfirlikləri buraxılıb, BBC Azərbaycancanın müxbiri Günel Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındən xəbər verib.

Müxbirimiz deyir ki, Böyük Britaniya səfirlinin nümayəndələri isə başqa qapıya göndərilib, zala jurnalistin anası və bacısı qızı daxil ola bilib.

Human Rights Watch təşkilatının nümayəndəsi isə prosesə qatıla bilməyib, müxbirimiz deyir.

Vəkil Fariz Namazlı <link type="page"><caption> ötən gün</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150813_khadija_ismail_court" platform="highweb"/></link> bildirib ki, bu prosesdə əlavə şahidlərin dindirilməsinə dair verilən vəsatət barədə qərar qəbul ediləcək.

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl 2014-cü il dekabr ayında həbs olunub.

O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.