Xədicə İsmayılın məhkəməsi sabah davam edəcək

Şəklin mənbəyi, Getty
Araşdırmaçı jurnalist Xədicə İsmayılın Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan məhkəmə prosesi sabah davam edəcək.
"Vəkillərin iclasa qatılmaması" səbəbilə fasilə elan olunduqdan sonra proses təxminən saat 15:30-da davam edib və şahidlər dindirilib.
Prosesə qatıla bilməyən vəkil Fəxrəddin Mehdiyev BBC Azərbaycancaya açıqlamasında, başqa prosesdə iştirak etdiyi üçün bu məhkəməyə gələ bilmədiyini deyib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillərin "səbəb göstərilmədən prosesə qatılmadıqları" bildirilib və bu səbəbdən, Vəkillər Kollegiyasına müraciət edilməsi qərara alınıb, APA yazır.
Hərçənd ki, Xədicə İsmayıl vəkillərinin "üzrlü səbəbdən prosesə qatılmadıqlarını" bildirib.
Lakin hakim "məhkəməyə hər hansı müraciət edilmədiyini" qeyd edib.
Fəxrəddin Mehdiyev bu qərara mənfi yanaşdığını bildirib. Onun sözlərinə görə, məhkəmə "fövqaladə iş rejimində" gedir.
"Bizim həm bu sahədə, həm də digər sahədə olan müdafiə işlərimiz alt-üst olub. Hər gün məhkəmə prosesi var, özü də səhərdən başlayır, axşama qədər davam edir. Dünən prosesdə iştirak edə bilməyəcəyimi demişdim, başqa vaxta keçirilə bilərdi", deyən vəkil Xədicə İsmayılın işinin müdafiəsi ilə bağlı müəyyən fasilələrin verilməli olduğunu da bildirir.
"Bir qayda olaraq hakim özü də müdafiəçilərlə vaxtı razılaşdırırdı. Bilirdi ki, bizim digər işlərimiz ola bilər. İndi razılaşdırılmır. İştirak məcburidir. Bu hərəkətlər müdafiəni pozmağa xidmət edir", Fəxrəddin Mehdiyev əlavə edib.
BBC Azərbaycancanın müxbiri Günel Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından xəbər verib ki, zala ABŞ, Almaniya və Böyük Britaniya səfirlikləri, jurnalistin anası və bacısı qızı buraxılıb.
"Lakin təxminən 20 dəqiqə sonra zala daxil olan səfirliklərə fasilə olduğunu deyərək bayıra çıxarıblar".
Jurnalistlər və Xədicə İsmayılın dəstəkçiləri zala buraxılmayıb.
İçəri buraxılmayan Milli Şura sədri Cəmil Həsənli BBC Azərbaycancaya bildirib ki, "Xədicə İsmayılın əleyhinə çıxış edəcək bir şahid də yoxdur".
"O qədər böük saxtakarlığa yol verirlər ki, sadəcə bunun ictimailəşməsindən ehtiyat edirlər. Bu, onu göstərir ki, Xədicə məhkəmə zalından azad edilməlidi və ondan üzr istənməlidi. Çox təəssüf ki, jurnalistləri belə qurama işlərlə cəmiyyətdən təcrid edirlər", cənab Həsənli əlavə edib.
Jurnalistin anası Elmira İsmayılova BBC Azərbaycancaya bildirib ki, qızını bir həftə əvvəl görüb.
"Yaxşı idi, özünü sərbəst aparır, əhval-ruhiyyəsi yaxşı idi, gülür. O elə insandır ki, onu heç bir şey sındıra bilməz", xanım İsmayılova qeyd edib.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl 2014-cü il dekabr ayında həbs olunub.
O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.




