Xədicə İsmayılova: "Əgər həbs olunsam.."

Xədicə İsmayılova

Şəklin mənbəyi, Courtney Brooks RL

Şəklin alt yazısı, Xədicə İsmayılova korrupsiya araşdırmalarına görə beynəlxalq mükafatlara layiq görülüb.

ABŞ senatoru Ben Cardin AzadlıqRadiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılovaya qarşı "davam edən təzyiqləri" pislədiyini bildirib.

"Xədicə İsmayılova təhqiqatçı jurnalistika fəaliyyətinə görə, hökumət tərəfindən davamlı və çirkin hücumların hədəfinə çevrilib", o, Xədicə İsmayılovanın ABŞ senatorları ilə görüşündən və Facebook səhifəsində Milli Təhlükəsizlik Nazirliyinə aid olduğu deyilən "məxfi sənədin surətini" yaymasının ardınca prokurorluğa çağrılmasından sonra verdiyi bəyanatında deyib.

Xədicə İsmayılova Bakıdakı restoranlardan birində amerikalı senatorların köməkçiləri ilə nahar edərkən, onlarla danışığının millət vəkili Ceyhun Osmanlı tərəfindən qeydə alınmış səs yazısı prokurorluğa təqdim olunub, Baş Prokurorluqdan bildiriblər.

"Ona (Xədicə İsmayılovaya) qarşı hazırkı ittihamlar arasında ABŞ-a casusluq etməsi də var. Bu ittihamlar uydurmadır və təbiətcə, cəzalandırıcı xarakter daşıyır", senator Cardin bəyanatında deyib.

Bu arada Xədicə İsmayılova öz Facebook səhifəsində həbs oluna biləcəyini güman etdiyini yazıb və beynəlxalq təşkilatları Azərbaycanda insan haqları barədə uca səslə danışmağa çağırıb. O, özünə qarşı təzyiqlərin Azərbaycanda prezidentin ailəsilə bağlılığı iddia edilən korrupsiya hallarına dair araşdırmaları ilə əlaqədar olduğunu hesab edir.

"Mən üç təhqiqat yazısını bitirmək üzrəyəm. Onların nə isə (həbs qərarı) baş vermədən başa çatdırılmasına çalışacağam. Əgər alınmasa, onları mənim redaktorlarım və həmkarlarım bitirəcək və çap edəcək", Xədicə İsmayılova bəyan edib.

Çərşənbə günü jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb və özünün dediyinə görə, ona <link type="page"><caption> xəbərdarlıq edilib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/02/140218_khadija_ismayil_mns_investigation.shtml" platform="highweb"/></link>.

Səs yazısı

Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğa təqdim olunub, APA xəbər verir.

"Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", prokurorluğun mətbuat katibi Eldar Sultanov deyib.

Hüquqşünas Ələsgər Məmmədli BBC Azərbaycancaya deyib ki, Konstitusiyanın 32-ci maddəsinə görə şəxsin icazəsi olmadan onun özəl danışığının yazılması qadağan olunub və bu, hər kəsə aiddir.

“Şəxs hardasa, kimləsə oturub söhbət edirsə, burda artıq onun söhbətinin kim tərəfindənsə qanunsuz yazılması yolverilməzdir. Burda Xədicə İsmayıl yemək yeyir, söhbət edir və bu danışığın bir başqası tərəfindən, o şəxs media əhli və xəbərləmələr həyata keçirmək kimi ictimai funksiyası olmadığı halda yazılması qanunla qadağandır. Bu, şəxsi həyata müdaxilə hesab oluna bilər”.

Cənab Məmmədlinin sözlərinə görə, hər hansı şəxsin sirlərinin qanunsuz yolla toplanması və yayılması faktı varsa, Cinayət Məcəlləsində bununla bağlı müddəa var.

“Özəl sirlərin pozulması halında, restoran çox da özəl yer olmasa belə Xədicə İsmayıl mülki qaydada iddia qaldıra bilər və Mülki Məcəllə çərçivəsində kompensasiya tələb edə bilər. İstənilən şəxs, ictimai yerlər istisna olmaqla başqasının səsini heç harda yaza bilməz”, hüquqşünas deyir.

Səs yazısı ilə bağlı Baş Prokurorluqdan ona hər hansı məlumat verilmədiyini deyən Xədicə İsmayılova mülki qaydada iddia qaldıra biləcəyini istisna etməyib, eyni zamanda, jurnalist Ceyhun Osmanlının "deputat toxunulmazlığı"na sahib olduğunu qeyd edib.

Xədicə İsmayılova "qanunsuz işlərlə" məşğul olmadığını deyib. "Mən şəffaf həyat sürürəm, artıq telefonumu dinləyirlər, nəyi açıqca deyirəmsə, özəl görüşlərdə də deyirəm".

Jurnalist deyir ki, deputat Ceyhun Osmanlı içəri girərkən naharın sonu olub və o amerikalı qonaqlarla birlikdə artıq hesabı ödəyirmiş.

Millət vəkili Ceyhun Osmanlı ilə əlaqə saxlamaq mümkün olmayıb. Baş Prokurorluq BBC Azərbaycancanın icazəsiz səs yazılmasının hüquqi izahına dair sorğusuna hələlik cavab verməyib.