Xədicə İsmayılovaya xəbərdarlıq edilib

Xədicə İsmayılova

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi AzadlıqRadiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılovaya xəbərdarlıq edib.

"Mənə xəbərdarlıq ediblər ki, harasa gedəndə onları xəbərdar etməliyəm. Və dedilər ki, istintaq sirrini yaya bilmərəm.

"Mən onlara dedim ki, xahiş edirəm istintaq sirrini mənə verməyəsiz, çünki sirr saxlaya bilmirəm", xanım İsmayılova BBC Azərbaycancaya deyib.

Fevralın 17-də jurnalist öz şəxsi Facebook səhifəsində özünün iddia etdiyi kimi “keçmiş MTN əməkdaşından aldığı” imzalı kağızın şəklini paylaşıb. Kağızda müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir, AzadlıqRadiosu məlumat verir.

Jurnalist BBC Azərbaycancaya deyib ki, çərşənbə günü profilində yaydığı sənədin kim tərəfindən əldə etməsi barədə müstəntiqin heç bir sualını cavablandırmayıb.

"Çünki KİV haqqında qanuna görə mənə məlumat verən mənbələri qorumalıyam. Onlar da çox israrla deyirdilər ki, yox mən bu məlumatı verməliyəm. Belə bir balaca mübahisə elədik".

Cümə axşamı sabah saat 5-də İstintaq İdarəsinə çağırıldığını bildirən jurnalistin sözlərinə görə, istintaq dövlət sirrinin kimi yaydığını müəyyənləşdirməyə çalışır.

"Nə şəkildə, nə zaman, nə məqsədlə..."

"Soruşdum ki, məndən başqa kimsə istintaqda dindirilibmi? Amma onlar bu barədə mənə məlumat vermədilər".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov BBC Azərbaycancaya deyib ki, xanım İsmayılovanın Facebook səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar idarəsində Cinayət Məcəlləsinin dövlət sirrini yayma maddəsi ilə cinayət işi açılıb.

Cənab Sultanov deyib ki, istintaq sirri ilə bağlı olduğundan cinayət işi ilə bağlı hər hansı sualı cavablandıra bilməz və hazırda “zəruri istintaq hərəkətləri davam etdirilir”.

Fevralın 18-də jurnalist Xədicə İsmayılova "dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar" cinayət işi üzrə şahid qismində Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Xanım İsmayılova ilkin dindirilmədən sonra BBC Azərbaycancaya deyib ki, istintaq idarəsində Facebook səhifəsində paylaşdığı sənədin “nə şəkildə, nə zaman və nə məqsədlə ötürüldüyü” soruşulub.

Cinayət işinin ona qarşı olmadığını vurğulayan jurnalistin sözlərinə görə, növbəti istintaq hərəkətlərində vəkil Rəşid Hacılıdan başqa digər vəkillər də onun müdafiəsinə qoşulacaq.