Dövlət ittihamçısı Xədicə İsmayılovaya 9 il həbs cəzası istəyib

Şəklin mənbəyi, Getty

Dövlət ittihamçısı araşdırmaçı jurnalist Xədicə İsmayılovaya 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il həbs cəzası verilməsini istəyib.

Vəkil Fariz Namazlı deyib, jurnalist dövlət ittihamçısının istədiyi cəzanın "az olmasına təəccüblənib".

"Biz 10 ildən çox müddət gözləyirdik", o bildirib.

Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks dövlət ittihamçısının tələbini "kədərli lakin gözlənilən" adlandırıb və onun dərhal azadlığa buraxılmasını tələb edib.

"Xədicə, qondarma ... ittihamlarla həbs olunan, insan haqları müdafiəçiləri və jurnalistlərdən ibarət uzun siyahının növbəti qurbanıdır", cənab Muiznieks-in bəyanatında deyilir. O, Azərbaycandakı siyasi sistemi "tənqidə qeyri-tolerant" adlandırıb.

Məhkəmədə iştirak edən jurnalistin anası Elmira İsmayılova məhkəmənin gedişatını düzgün hesab etmir.

Onun sözlərinə görə, dövlət ittihamçısı çıxışında məhkəmə prosesi zamanı verilən ifadələri deyil, istintaq zamanı verilən ifadələrdən istifadə edib.

Ötən məhkəmə proseslərində bir neçə şahid Xədicə İsmayılova barəsində istintaq zamanı verdikləri ifadədən imtina ediblər.

Zərərçəkmiş Tural Mustafayev istintaq zamanı Xədicə İsmayılovaya "böhtan atdığını" deyib.

"Prosesdə Tural Mustafayev bildirdi ki, onun intihar cəhdində Xədicə İsmayılın hər hansı bir rolu yoxdur. Nişanlısı Rövşanə Rəhimova da şahid idi. O, Tural Mustafayevin 3 dəfə intihara cəhd etdiyini və ciddi psixoloji problemlərinin olduğunu dedi", vəkil Fariz Namazlı deyib.

Növbəti məhkəmə prosesi avqustun 26-da baş tutacaq və prosesdə müdafiə tərəfi çıxış edəcək.

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü il dekabr ayında həbs olunub.

O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.