Leyla Yunusa 8.5, Arif Yunusa 7 il həbs cəzası kəsildi

Şəklin mənbəyi, Aziz Kerimov
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakları müsadirə olunmaqla 8 il 6 ay, onun həyat yoldaşı, politoloq Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkillər BBC Azərbaycancaya, hökmün gözlənilən olduğunu bildiriblər.
Arif Yunusun vəkili Əfqan Məmmədov deyib ki, hökmü eşidəndə Arif Yunusun halı pisləşib.
Leyla Yunus isə heç nə deməyib.
Beynəlaxalq təşkilatlar Bakı məhkəməsininin qərarını tənqid ediblər.
Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Son söz
Məhkəmədə Leyla və Arif Yunuslar son sözlə çıxış ediblər. Leyla Yunus çıxışında, hakimiyyətin "sözdən qorxduğunu" deyib.
"Bu məhkəmə göstərdi ki, siz hamınız sözdən qorxursunuz. Ona görə məhkəməni qapalı keçirdiniz, jurnalistləri məhkəməyə buraxmadınız. Siz bizim haqqımızda ölüm hökmü çıxaracaqsınız. Çünki nə mənim, nə də Arifin səhhəti uzun müddət həbsdə qalmağa imkan vermir", Azadlıq Radiosu xəbər verir.
Arif Yunus isə, prosesi 1937-ci ilin məhkəmələrinə bənzədib. "Biz Leyla ilə 37 ildir bir yerdəyik. Bu rəqəm Azərbaycan üçün mistik rəqəmdir. Bizim məhkəməmiz də 37-ci ilin məhkəməsinə oxşayır. Məhkəmə prosesi 37-ci illərin üsulları ilə keçirilir. Birlikdə olduğumuzun 37-ci ilində həbs olunmuşuq. Babək deyirdi ki, "40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır". Biz tarixçiyik, Babəkin dediyi bizim üçün devizdir", o bildirib.
Daha öncə prosesdə müdafiə tərəfi çıxış edərək Yunusların həbsini onların "ictimai-siyasi fəaliyyəti" ilə bağlı olduğunu bildiriblər və müttəhimlərə bəraət verilməsini istəyiblər. Prosesdə Arif Yunusun vəziyyəti pisləşib və ona tibbi yardım göstərilib, Arif Yunus prosesi uzanmış vəziyyətdə izləyib, vəkil bildirib.
Təxminən saat 10:30-da başlayan prosesə Almaniya, Hollandiya, ABŞ və Böyük Britaniya səfirliklərinin, Human Rights Watch-ın nümayəndələri və bir neçə jurnalist buraxılıb.
BBC Azərbaycancanın müxbiri Xanım Cavadova Bakı Ağır Cinayətlər Məhkəməsindən xəbər verir ki, digər media nümayəndələri və müşahidəçilərin zala daxil olmasına icazə verilməyib.
Ötən həftə dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Reakisya
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (World Organisation Against Torture - OMCT) Leyla və Arif Yunusa qarşı hökmə etiraz edərək onun ləğvinə səsləyib.
Hüquq müdafiə üzrə 300-dək milli, bölgə və yerli qurumları bir araya gətirən OMCT bildirir ki, "sərt cəzalar" Azərbaycanın ədalətli məhkəmə standartlarına məhəl qoymadığından xəbər verir.
Yunuslara dair məhkəmənin misli görünməmiş sürətlə keçirilməsi "dəhşətə gətirir və prosesin keyfiyyəti" barədə aydın təsəvvür yaradır, cümə axşamı yayımlanan OMCT bəyanatında bildirilir.
Təşkilatın baş katibi Gerald Staberock deyib ki, Bakıda keçirilən proses “ədalətli məhkəmə hüququna” dair beynəlxalq standartların aşkaranə şəkildə pozulmasını sərgiləyib.
Human Rights Watch təşkilatının məhkəmədə iştirak etmiş nümayəndəsi Tanya Lokshina da prosesə münasibətini bildirib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Leyla və Arif Yunusun həbsini Azərbaycanda davam edən repressiyaların bariz nümunəsi adlandırıb.
Hökmə sosial şəbəkələrdə münasibət bildirən Nils Muiznieks Azərbaycan hakimiyyətini Avropa Şurasına daxil olarkən insan hüquqları, qanunun aliliyi və demokratiya dəyərlərilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərməklə yanaşı təqiblərə son qoymağa səsləyib.





