Leyla Yunus haqqında nə bilirik?

Azərbaycanın aparıcı insan haqları müdafiəçisi Leyla Yunus avqustun 13-də 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. Onun əri, Arif Yunus isə 7 il həbs cəzası almışdı.

Az qala bir il müddətində məhkəməsiz və hökmsüz olaraq həbsxanada saxlandıqdan sonra, məhkəmə və onlara hökm çıxarılması cəmi iki həftə ərzində başa çatmışdı.

Arif Yunus noyabrın 12-də məhkəmə zalından azad olunub, Leyla Yunus isə dekabrın 9-da azadlığa buraxılıb.

Dünya səviyyəsində tanınan bu fəal haqqında aşağıdakıları bilməyimizə ehtiyac var:

İnsan haqlarına xidmət

İndi 59 yaşı olan Leyla Yunus insan haqları sahəsində onilliklərdir ki, fəaliyyət göstərib. O, 1995-ci ildə təsis edilmiş Sülh və Demokratiya İnstitutunun direktorudur. Bu geniş tanınan təşkilat Azərbaycanda iddia edilən insan haqları pozuntuları barədə məlumatların verilməsi üçün Avropa Şurası və başqa beynəlxalq qurumlarla işləyib. İnsan haqları təşkilatları və həmkarları bildirirlər ki, onun məhbus edilməsi birbaşa bununla, xüsusilə də onun həbsindən az əvvəl dərc etdirdiyi siyasi məhbus siyashısı ilə birbaşa bağlıdır.

Şəklin mənbəyi, the telegraph

O həm də bir dilçidir və 1992-ci ildə Margaret Thatcher-in Azərbaycana səfəri zamanı ona tərcüməçilik edib.

Cinayət ittihamları

Leyla Yunus fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılması ittihamları ilə məhkum edilib. Lakin bunlar ona qarşı yalnız iqtisadi cinayət ittihamlarıdır. Onu başqa bir ittiham – dövlətə xəyanət ittihamı (onun əri Arifə qarşı da bu ittiham irəli sürülüb) ilə də mühakimə gözləyir. Bu ittiham üzrə onun ömürlük həbs cəzasına məhkum edilməsi mümkündür.

İctimai gözdənsalma

Azərbaycanlıların Leyla Yunusa münasibəti birmənalı deyil. Müxaləfətyönlü fəallar ona insan haqları sahəsindəki işinə görə ehtiram bəsləsələr də, bir başqaları onu Ermənistan rəğbətli casus sayırlar. Azərbaycan hökuməti, Azərbaycan və Ermənistan arasında davam edən münaqişədən Yunusları ictimaiyyətin gözündən salmaq üçün "sui-istifadədəyə" görə tənqid edilir.

Onun QHT-si – Sülh və Demokratiya İnstitutu iki münaqişə edən ölkə arasında dialoqun təbliği istiqamətində işləyib və indi bundan Yunuslara qarşı istifadə edilir.