Leyla Yunusa 11, Arif Yunusa 9 il həbs istənilib

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun məhkəmə prosesi davam etdirilib.
Dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Elçin Qəmbərov bundan əvvəl BBC Azərbaycancaya bildirib ki, o, ittihamçıdan "sərt cəzalar" gözləyir.
Məhkəmə prosesdə Arif Yunusun səhhəti pisləşdiyi üçün yarım saatlıq fasilə elan olunub.
"Həkim biraz gec gəldi, amma indi proses davam etdirilir, məhkəmə binasının qarşısındakı jurnalistlər BBC Azərbaycancaya deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında gözləyən jurnalistlər BBC Azərbaycancaya bildirib ki, bu dəfə yalnız ABŞ və Almaniya səfirliklərinin nümayəndələri içəri daxil ola bilib.
Digər səfirlik nümayəndələri və jurnalistlər məhkəmə binasının qarşısında gözləyir.
Ötən günkü prosesdə iş materialları ilə tanışlıq yekunlaşıb.
Vəkillərin çıxış edəcəyi növbəti məhkəmə 10 avqustda keçiriləcək.
Human Right Watch çağırış edir
Beynəlxalq Human Rights Watch təşkilatı Leyla və Arif Yunusların "ölümcül" vəziyyətdə olduğunu deyərək Azərbaycan hökümətini onları təcili azad etməyə və istintaqı dayandırmağa çağırıb.
Avqustun 3-də keçirilən məhkəmədə Arif Yunusun təzyiqi qalxdığından o, huşunu itirib, avqustun 4 və 5-də ona məhkəmədə tibbi yardım göstərilsə də, səhhəti "yaxşı olmayıb", təşkilat bildirib.
"Leyla və Arif Yunusların həbsi və istintaqı onsuz da ədaləti gülünc yerə qoyub, amma onların sağlamlığının zəif vəziyyətində məhkəmə prosesinin keçirilməsi qınaq doğurur", təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyib.
"Ayaq üstə durmayacaq qədər xəstə olan bu yaşlı kişini məhkəmə zalına gətirtmək prosesin siyasi şou olduğunu göstərir".
Yunuslara "həbsxananın deyil, həkim qayğısının lazım olduğunu" deyən təşkilat Azərbaycanın beynəlxalq tərəfdaşlarından "ədalətin məsxərəsini qəti və yekdilliklə pisləməyə" çağırıb.
Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.




