Leyla və Arif Yunusun məhkəməsi: Sabah dövlət ittihamçısı çıxış edəcək

ABŞ, Almaniya və Böyük Britaniya səfirliklərinin nümayəndələri qəbul otağında gözləyir.
Şəklin alt yazısı, ABŞ, Almaniya və Böyük Britaniya səfirliklərinin nümayəndələri qəbul otağında gözləyir.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun növbəti məhkəmə prosesi başa çatıb.

Vəkil Elçin Qəmbərov prosesdən sonra BBC Azərbaycancaya bildirib ki, müdafiə tərəfinin qaldırdığı heç bir vəsatət təmin olunmayıb. Prosesdə iş materialları ilə tanışlıq yekunlaşıb.

"Növbəti proses sabaha, avqustun 6-na təyin olunub. Prosesdə dövlət ittihamçısı çıxış edəcək", deyən vəkil "düşünürəm ki, sərt cəzalar olacaq" deyir.

Vəkil onu da deyir ki, nə Leyla Yunus, nə də Arif Yunusun səhhəti yaxşı deyil.

Məhkəmə prosesi təxminən saat 10:15-də başlayıb.

BBC Azərbaycancanın müxbiri Günel Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsindən xəbər verib ki, prosesə yalnız ABŞ, Almaniya və Böyük Britaniya səfirliklərinin nümayəndələri də daxil olmaqla bir neçə şəxs buraxılıb.

"Qəbul otağına da daxil ola bilməyən jurnalistlər məhkəmə binasının qarşısında gözləyir", müxbirimiz deyib.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.