Leyla və Arif Yunusun məhkəməsi sabah davam etdiriləcək

leylayunus
Şəklin alt yazısı, Prosesdən saatlar öncə qəbul otağında gözləyən xarici diplomatlar və Yunusların "tanımadığı qohumları" zala daxil olur.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun məhkəmə prosesində şahidlərin dindirilməsi sona çatıb.

Vəkil Elçin Qəmbərov prosesdən sonra BBC Azərbaycancaya bildirib ki, sabahdan müdafiə tərəfi vəsatətlərini elan edəcək və iş materialları ilə tanışlıq başlayacaq.

Çərşənbə axşamı keçirilən prosesdə Əmək Hüquları Liqasının sədri Sahib Məmmədov da daxil olmaqla, dörd şahid dindirilib.

Sahib Məmmədov dindirildikdən sonra açıqlayıb ki, Leyla Yunus Arif Yunusa tibbi yardımın məhkəmə zalında göstərilməsindən "narazı qalıb".

"Leyla xanım deyirdi ki, bizə zorakılıq tətbiq olunur, əslində Arif bəy xəstəxanaya aparılmalı idi".

Ötən günkü məhkəmədə hipertoniya xəstəliyi olan Arif Yunusun təzyiqi qalxıb, həkim müayinəsindən sonra onun vəziyyəti "yaxşılaşıb".

BBC Azərbaycancanın müxbiri Xanım Cavadova Bakı Ağır Cinayətlər Məhkəməsindən vəkil Elçin Qəmbərova istinadən xəbər verir ki, Arif Yunusun səhhəti "dünənə nisbətən yaxşıdır", amma məhkəmə binasının qarşısında təcili yardım maşını gözləyir.

Təxminən saat 10:15-də başlayan məhkəməyə ABŞ-ın, Almaniyanın və Böyük Britaniyanın Bakıdakı səfirliklərinin nümayəndələri də daxil olmaqla bir neçə şəxs buraxılıb.

Müxbirimiz deyir ki, zalın "dolu olduğu" deyilərək içəriyə jurnalist buraxılmayıb.

Vəkil Elçin Qəmbərov deyib ki, vəkillər media nümayəndələrinin zala buraxılması ilə bağlı dəfərlərlə həm rəsmi, həm də qeyri-rəsmi müraciətlər ediblər.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.