Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun məhkəmə prosesi çərşənbə axşamına kimi təxirə salınıb.
Prosesin təxirə salınmasının səbəbi Arif Yunusun halının "pisləşməsi" olub, BBC Azərbaycancanın müxbiri Günel Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsindən xəbər verib.
Onun sözlərinə görə, proses zamanı halı pisləşən Arif Yunusun vəziyyəti artıq "yaxşılaşıb".
"Arif Yunus hipertoniya xəstəliyindən əziyyət çəkir. Təzyiqi 220-ə qalxmışdı, indi 160-a endirilib, vəziyyəti yaxşıdır", vəkil Elçin Qəmbərov məhkəmə zalına buraxılmayan müxbirimizə bildirib.
Müxbirmiz deyir ki, cənab Yunusun halı saat 10.30-da pisləşib, 10.55-də təcili tibbi yardım gəlib.
"Leyla Yunus xahiş edib ki, həkim çağrılsın", müxbirimiz deyir.
Hazırda həkim müayinəsi apardığından prosesə bir saatlıq fasilə verilib. Daha sonra fasilə saat 2-ə qədər uzadılıb.
"Arif bəy zaldadır, həkimlər Arif bəyi müayinə edir, ancaq gözləmək lazımdır", vəkil Elçin Qəmbərov Arif Yunusun vəziyyəti barədə bildirib.
Vəkil bildirib ki, Leyla Yunus isə məhkəmə zamanı məhbusların saxlanıldığı yerdədir.
Məhkəmə prosesi təxminən saat 10-da başlayıb, məhkəmə zalına ABŞ-ın və Almaniyanın Bakıdakı səfirliyinin nümayəndələri də daxil olmaqla bir neçə şəxs buraxılıb.
Müxbirimiz bildirib ki, zalın "dolu olduğunu" deyilərək içəriyə jurnalist buraxılmayıb, həmçinin məhkəmə işçiləri qəbul otağında gözləyənlərə prosesin vaxtının dəyişdirildiyini söyləsə də, məhkəmə vaxtında başlayıb.
Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb
Daha öncə vəkil Elçin Qəmbərov BBC Azərbaycancaya müsahibəsində deyib ki, bu məhkəmə prosesində şahidlərin dindirilməsi davam etdiriləcək və cinayət işinin bəzi sənədlərinin araşdırılması davam edəcək.




