Leyla Yunusun vəkili: Bu iş Avropa Məhkəməsinə kimi çatdırılacaq

Tanınmış insan haqları müdafiəçisi Leyla Yunusun azadlıqdan məhrum edilməsi barədə hökmü şərh edən vəkil Elçin Qəmbərov qərara qarşı apellyasiya şikayətilə çıxış edəcəyini bildirib.

"Belə hökmü gözləyirdik. Müvafiq şikayətlər veriləcək. Bu iş Avropa Məhkəməsinə kimi çatdırılacaq", - vəkil deyib.

Cümə axşamı günü Bakı məhkəməsi Leyla Yunusa 8 il 6 ay, onun əri, Arif Yunusa isə 7 illik həbs cəzası kəsib. Ötən həftə dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.