Bakı: etirazçılar yanğına görə günahkarları cəzalandırmağa səsləyiblər

Bakıda 100-dən artıq adam 16 mərtəbəli binada baş verən yanğınla bağlı keçirilən etiraz aksiyasına qatılıb.

Polis “Üzlüklər sökülsün, maskalar sökülsün, millət dirilsin” şüarını səsləndirən azı bir nəfərə qarşı zorakılıq işlədib. Aksiya vaxtı onlarla polis ərazidə keşik çəkib.

Etiraza gələnlər yanmış binanın yanına gül dəstələri düzüb. Bina sakinlərindən biri çıxış edib, Bakı merinin istefasına və digər məsul şəxslərin də cəzalandırılmasına çağırıb.

Bundan əvvəl etiraz aksiyasına çağıran Facebook səhifəsi yığışdırılıb.

Evdən əşyalar çıxarılır

Bu arada çərşənbə axşamı baş verən yanğından sonra sakinlər evlərindən əşyalarını çıxarmağa başlayıblar. BBC Azərbaycancanın müxbiri lentlə əhatə edilən və polis qüvvələri tərəfindən mühafizə olunan ərazidə əşyalarından heç nəyi çıxara bilməyən əlləri kül ilə qaralmış bina sakinlərini müşahidə edib.

Çox üzgün olan digər sakinlər isə tam yanmamış kiçik əşyalarını kağız qutulara doldurub daşıyır, bəziləri salamat qalmış xalça, yorğan-döşəyi və digər əşyaları maşınlara yükləyir.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dünən sakinlərin siyahı əsasında öz evlərindən əşyalarının çıxarılmasına şərait yaradılacağını açıqlayıb və bu gün BBC müxbiri onun hadisə yerində olduğunu müşahidə edib.

Yerli medianın məlumatına görə, yanğın baş verən binada qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib.

Şəklin mənbəyi, Orkhan Aslanov

APA Binəqədi rayon İcra Hakimiyyətinə istinadən 40 ailənin onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşdiyini yazır.

Bina dayanıqlıdırmı?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu gün yenidən bina sakinləri ilə görüşüb.

Bakı meri yanmış binanın Fövqaladə Hallar Nazirliyi tərəfindən yaxın iki gündə müayinə olunacağını və müsbət rəy verildiyi halda yaxın günlərdə təmir işlərinin başlayacağını açıqlayıb.

BŞİH başçısı jurnalistlərə açıqlamasında bildirib ki, yaxınları ölənlərin dəfnini harada həyata keçirmək istəsələr, orada onlara şərait yaradılacaq, bütün xərclər isə dövlət tərəfindən ödəniləcək.

“Təmir iki-üç aya başa çatacaq. FHN binan sökülməsinə qərar versə, bina söküləcək, yerində yenisi inşa olunacaq. Amma məndə olan ilkin məlumata görə, bu, monolit binadır, dayanıqlığı möhkəmdir. Həmin bina yenidən tikilsə, orada 50 kvadratmetrlik mənzillərdə yaşayanlara 70 kvadratmetrlik mənzillər veriləcək”, APA cənab Abutalıbovdan sitat gətirir.

BŞİH başçısı həmçinin yerləşdirilməsin narazı sakinlərin kirayə qalması üçün dövlət tərəfindən vəsait ayrılacağını da əlavə edib və yanğının səbəbinin iki günə məlum olacağını qeyd edib.

Ölənlərin sayı 15-ə çatıb

Binada baş verən yanğın zamanı xəsarət alanlardan bir nəfər ölüb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən BBC Azərbaycancaya dəm qazından zəhərlənən Elmira Yahyayevanın dünən gecə həyatını itirdiyi bildirilib.

Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, yanğında ölənlərin sayı 14-dür. Sonuncu ölüm hadisəsi ilə ümumilikdə həlak olanların sayı 15-ə çatıb.

Şöbə müdiri, baş toksikoloq Azər Maqsudov yerli mediaya xəsarət alanlardan 12 nəfərin zəhərlənmə diaqnozu ilə müalicəsini davam etdirdiyini açıqlayıb.

Onun sözlərinə görə, xəstəxanada müalicə alanların vəziyyəti “sabitdir”, onların 3-ü uşaq, 9-u böyükdür.

Prezident hadisə yerində

Bu gün səhər saatlarında yanğın olan binaya prezident İlham Əliyev gəlib. APA-nın məlumatına görə, ölkə başçısı yanğın olan əraziyə baxış keçirib və yanğının nəticələrinin aradan qaldırılması, hadisə nəticəsində zərər çəkənlərə hər vür yardımın göstərilməsi ilə bağlı tapşırıqlarını verib.

Hadisə baş verən gün onun hadisə yerinə gəlməməsi sosial media istifadəçilərinin tənqdinə səbəb olub.

"İlham Əliyev Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışında iştirak edib", hadisə günü - mayın 19-da president.az saytında yer almış məlumatda deyilir.

Yerli media hadisə baş verən gün axşam saatlarında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerinə gəlib.

Bakı meri yanğında zərərçəkənlərə min manat kompensasiyanın veriləcəyini və daha sonra dəymiş ziyanın orta məbləğinin hesablanacağını bildirib.

Kompensasiya vədi

Cənab Abutalıbov evini itirənlərə yüksək məbləğdə kompensasiya vəd edib. "Əgər bina yararsız olacaqsa, yəni bu barədə rəy verilərsə, bina tam söküləcək. Yox əgər yararlı olarsa, bina təmir olunacaq, hər şeylə təmin ediləcək və sakinlərə veriləcək", Anspress Bakı merindən sitat gətirir.

Bundan başqa əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanğında həyatını itirənlərin ailələrinə müavinətlərin verilməsi məsələsinin təcili həll olunacağını bildirib.

Evsiz qalan bina sakinlərinin yerləşdirilməsi üçün kifayət qədər dövlət pansionatlarında yerlərin olduğunu qeyd edən nazirin sözlərinə görə, həmin ailələr qida və geyimlə də təmin olunacaq.

Prezidentin sərəncamına əsasən yanğınla bağlı yaradılmış xüsusi komissiyanın dünən ilk iclası olub. Yerli medianın məlumatına görə, baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov bu gün binanın mənzillərində yanan əmlakın dəyərinin müəyyənləşdiriləcəyini və kompensasiya ödəniləcəyini deyib.