Bakıda yanğın: 15 ölü, 50 yaralı, şirkət rəhbəri saxlanılıb

Şəklin mənbəyi, Orkhan Aslanov
Bakıda 16 mərtəbəli binada baş verən yanğın faktı ilə bağlı “qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə” fasadlanma işlərini aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb.
Bunu BBC Azərbaycancaya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Bakının Binəqədi rayonundakı binada baş vermiş dəhşətli yanğın hadisəsində ölənlərin sayı 15 nəfərə çatıb, Səhiyyə Nazirliyi xəbər verir.
Nazirliyin məlumatına görə, xəstəxanaya 50 yaralı yerləşdirilib, bir neçə nəfərə hadisə yerindəcə yardım edilib.
BBC Azərbaycancanın sosial media saytlarının istifadəçiləri əslində ölən və yaralananların sayının daha çox olduğunu yazırlar.
Prokurorluğun məlumatına görə, yanğın faktı üzrə Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “ağır nəticələrə səbəb olan səhlənkarlıq” və “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma” maddələri üzrə cinayət işi açılıb.
Azadlıq prospekti 200/36 ünvanında yerləşən binada yanğın tam söndürülüb və insanlar evakuasiya edilir, müxbir Nailə Həsənova hadisə yerindən xəbər verir.
Xilasedicilər yuxarı mərtəbələrdə qalan sakinləri düşürmək üçün uzun pilləkənləri binaya söykəyir.
Yanğının söndürülməsi üçün səkkizədək su ilə yüklənmiş vertolyot binaya yaxınlaşsa da, bəzi vertolyotların yanğın olan əraziləri hədəf ala bilməməsi insanların narazılığına səbəb olub.
Binada yaşayan qohumları və yaxınlarından narahat olan şəxslərin binaya yaxınlaşmasının qarşısı polis və fövqaladə hallar nazirliyini işçiləri tərəfindən alınırdı.

Bəziləri yaxınlarının xilas olduğunu bilsələr də, onlarla əlaqə yarada bilmədiklərindən narahatlıq keçirir, ağlayırdılar.
Binanın bir üzü və yanlarının tamamilə yandığını görən müxbirin sözlərinə görə, yuxarı mərtəbələrdə xilaedicilərin yolunu gözləyən bir uşaq və iki qadın ayrı-ayrı mərtəbələrdən kömək üçün əl yelləyirmiş.



Dəqiqləşdirilməmiş məlumatlara görə, üzlüyü tamamilə yanan binadan bir qadın uşağı ilə və ikisi qadın, biri yeniyetmə olmaqla ümumilikdə beş nəfər özünü yuxarı mərtəbələrdən atıb.
BBC müxbiri iki xilasedicinin tüstüdən boğulduğundan təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparıldığını görüb.
16 mərtəbəli binanın yarımçıq yanan tərəfindən bir yaşlı qadın on dördüncü mərtəbədən yardıma çağırmasının ardınca onu yanmış evdən çıxarmaq mümkün olub.
Hadisə yerinə canlı qüvvədən sədd qurulub və insanların yaxınlaşmasına icazə verilməyib.
Onlarla yanğınsöndürmə maşını və təcili tibbi yardım maşınları əraziyə gətirilib.

Şəklin mənbəyi, APA
Şahid:
“Binanın yaxınlığındakı birmərtəbəli tikilinin arxasından pis iylənən tüstü gəlirdi. İlk anlarda belə bir təhlükə hiss olunmurdu. Lakin 10 dəqiqəyə yanğın binaya keçidi. Ani şəkildə alovlandı. Hadisə yerinə gələn polislər əlaqə saxlayırdılar və çox çəkmədi ki, yanğınsöndürənlər gəldilər. ”

Şəklin mənbəyi, APA
Əkrəm Həsənov deyir ki, o hadisə yerindən aralandığı zaman da, bir müddət yanğın yerindən gələn "dəhşətli qoxunu" hiss edirdi.
Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumata əsasən, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
"Yanğının söndürülməsi davam edir", məlumatda bildirilib.
Səhiyyə Nazirliyi hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin 30 briqadasının göndərildiyini xəbər verib.
Baş Prokuror Zakir Qaralov yanğının səbəblərilə əlaqədar istintaq işinin açıldığını bildirib: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır”, o deyib.
Komissiya
Prezident İlham Əliyev Bakıda aprelin 10-da Xətai rayonunda və bu gün Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğınlarının səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Yerli medianın məlumatına görə, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq sertifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”, APA cənab Həsənovdan sitat gətirir.
Onun sözlərinə görə, ölkə başçısı yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı əlaqədar olaraq dövlət orqanlarına tapşırıqlar verib.
Cənab Həsənov prezidentin yanğında yaxınlarını itirən ailələrə baş sağlığı verdiyini və onların yas mərasimlərinin dövlət hesabına təşkili ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlərini verib.
“Bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək”, Həsənov bildirib.
Kim məsuliyyət daşıyır?
Binanın penoplast üzlüklənmədən öncə bu materialın keyfiyyət sertifikatı yoxlanılmalıdır, ekspertlər deyir.
“İndi bilmirəm bu material keyfiyyət sertifikasiyasından keçib, ya keçməyib. Amma faktdır ki, vaxtında düzgün qərar qəbul olunmayıb. Bina icra hakimiyyətinin balansındadırsa, bu materialdan istifadəyə icazəni o verir, əsas günah onun materialını bura gətirəndədir”, MBA Group konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, bu material özü yanmasa da, yanğının alovlanmasına səbəb olur.
Ekspertin sözlərinə görə, bina kimin balansındadırsa, bu qurum müvafiq şirkətlə müqaviləni bağlıyır və ödənişləri edir.
"O materiallar istənilən halda gömrükdən keçir və təyinatı bilinirsə, o material yoxmalardan, labarotoriyadan keçməlidir. Qarşı tərəflə müqavilə bağlayan da sorğu verməlidir ki, bu material keyfiyyət sertifikasıyasından keçib, ya keçməyib".
“Yəni əriyir və ətrafında yüksək temperatur yaradaraq, nə varsa hamısını yandırır. Yanğın vaxtı ayrılan sterol maddə zəhərləyici materialdır və insanların sağlamlığına pis təsir göstərir”, ekspert qeyd edib.
Binaların penoplastla üzlənməsinə icazə verən qurumun materialın keyfiyyət sertifikasıyasının yoxlamalı olduğunu deyən İbrahimov əlavə edib ki, məsuliyyəti kimin daşımalı olduğunu istintaq orqanları müəyyən etməlidir.
“Hər bir kəsin vəzifə borcu, təlimatı var. Onların hamısı yoxlanılmalıdır, sonra kimin günahkar olduğu deyilməlidir”, o deyib.
Xarici ölkələrdə də fasadlanma işləri zamanı penoplastdan istifadə olunduğunu qeyd edən ekspertin sözlərinə görə, bu materialın tərkibi yanmağa davamlı olmalıdır.




