Yenə #MatəmElanOlunsun: sosial media Bakıdakı yanğından danışır

Şəklin mənbəyi, instagram
Çərşənbə axşamı azərbaycanlı sosial media istifadəçilərinin ən çox müzakirə etdiyi məsələ - Bakıda, Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın olub.
Hadisə ilə bağlı #matəmelanolunsun, #PrayForBaku, #yanğın və #landoffire kimi müxtəlif həştəqlər istifadə olunub. Amma əksəriyyət sadəcə xəbəri şərh edərək kədərini və ya qəzəbini paylaşıb.
Sosial mediada artıq bir çox istifadəçi fotoqrafçı Orxan Aslanovun şəklindən istifadə edərək profil şəklini "19.05.2015" tarixli anım fotosuna dəyişib. Bəziləri ölkədə matəmin elan olunmasına çağırış da ediblər.

Şəklin mənbəyi, BBC World Service
"Başqa ölkədə yaşasaydıq, telekanallar hal-hazırda yanğın baş verən binadan canlı yayım verərdi. #matəmelanolunsun", yazıb Yashar Huseyn (@yasharhuseyn).
Nyu Yorkda yaşayan azərbaycanlı Shabnam (@Peaceweet) yazıb: "Bu axşam @eminofficial-ın [Emin Ağalarov] Nyu Yorkdakı konsertinə getməyəcəm. Ümid edirəm ki, Bakı yanğınında ölənlərə hörmət edib tədbiri ləğv edəcək".
"Ört-basdır"
Bir çox istifadəçi ölənlərin sayının, hakimiyyətin dediyindən daha çox olduğunu düşünür. Məsələn, Aysun Aliyeva adlı istifadəçi 6 il öncə Neft Akademiyasında baş vermiş hadisəni xatırlayaraq BBC Azərbaycancanın Facebook səhifəsində yazıb: "Həmişə gizlədiblər onsuz , o binadan sağ çıxmaq olar heç. [ADNA-da] kimi gizlədəcəklər ölənlərin sayını".
Əli Novruzov (@alinovruzov) Twitter-də yazıb: "Yenə hakimiyyət ört-basdır edəcək söhbəti, bir-iki yazıq fəhləni tutacaqlar, əsl günahkarlar da kef edəcək, işinə davam edəcək".
@dpirieva adlı istifadəçi də BBC Azərbaycancanın Instagram səhifəsində ölənlərin sayına şübhə ilə yanaşıb: "dəqiq 16-dı? səhv saymısız, 30-u gözümün qabağında yanıb", o yazıb.
Atabəy Ağalarbəyli @aghalarbayli: "Xarici ölkələrin prezidentləri başsağlığı verir, öz prezidentimizdən hələ xəbər yoxdur. #matəmelanolunsun". Həmin tviti onlarla istifadəçi təkrar paylaşıb.
Uşaqlar valideynlərini, valideynlər uşaqlarını axtarır
Bəzi istifadəçilər sosial mediadan istifadə edərək yanğın nəticəsində "itkin düşmüş" uşaqları valideynlərilə birləşdirməyə cəhd ediblər.

Şəklin mənbəyi, BBC World Service
@Nseyidova adlı istifadəçi Twitter və Facebook-da bu elanı paylaşıb: "Yanğın zamanı bu uşağı respublika diaqnostika mərkezinə aparıblar, ata anası haqda melumatı yoxdu, paylaşın..."

Şəklin mənbəyi, BBC World Service
Media qurumlarına irad tutulur
Jurnalist və fəal Həbib Müntəzir Facebook səhifəsində yazıb: "16 ölü, 60-dan çox yaralı, onlardan üçü azyaşlı uşaqdır. Telekanallar əyləncəli, ölkə matəmsiz, səbəbkarlar istefasız, müxalifəti təxribatçı..."
@CavidVerdiyev adlı istifadəçi Twitterdə yazıb: "Qatar tuneldə qalır, bina yanır,ölkə dağılır amma aztv də Abş-ın problemlərinnən danışılır, ans 2015in reklamını verir, atvdə də youmırta".
Heydar Aliyev adlı istifadəçi (@HeydarAliyev11) Twitterdə yazıb: "Xəbərlər, Ağstafaya gedən məşəldən danışır, yanğının aldığı canların o dünyaya gedən ruhlarından yox. #matəmelanolunsun #aztwi"

Şəklin mənbəyi, BBC World Service
"Odlar Yurdunun gerçək mənası"
Telekanallarda daha çox diqqətin Avropa Oyunlarına ayrılması da adamları qəzəbləndirib. Məsələn, Reshad Jumshudlu yazıb: "Ayibdi sesinizi cixarmayin, qonaqlar gelir axi!"
Ceyhun Bextiyarov adlı istifadəçi "AzTV-nin adından" yazıb: "Olimpiyada oyunlarını böyük coşqu ilə qarşılayırıq. Ona görə də alovla şou göstəririk ...imza aztv"
"Xaricilər gələndə "Land of Fire"ın gerçək mənasını kökünə kimi hiss edəcəklər", yazıb Mehman Jafarov.
Bir çoxu sadəcə azərbaycanlılara başsağlığı verib. ABŞ-ın Azərbaycana sabiq səfiri Richard Kauzlarich (@richkauz) öz Twitter hesabında yazıb: "Bakıda yaşayış binasında baş vermiş yanğının qurbanlarına və ailələrinə dərin başsağlığı ... Allah onların köməyi olsun".
Hadisə türk mediasında da geniş işıqlandırılıb və bir çox istifadəçi Türkiyədən Twitterdə yazıb, məsələn Cansu Fırat (@cnsfrt) BBC Azərbaycancanın xəbərini paylaşaraq yazıb: "#Azerbaycan bizim Can'ımız Çok çok geçmiş olsun Tanrı yardımcınız olsun!"




