Avropa Oyunlarından əvvəl "siyasi məhbusları azad edin" - fəallar

Azərbaycanda keçəcək Avropa Oyunlarına düz bir ay qalmış Avropa Parlamentində ölkədəki insan haqları ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları Bakını "siyasi məhbusları azad etməyə" səsləyiblər.

"Məqsədimiz Avropa Oyunları kontekstində Azərbaycanda insan haqlarının pozulmasına beynəlxalq ictimaiyyətin diqqəti cəlb etməkdir", BBC Azərbaycancaya müsahibəsində Sports for Rights kampaniya qrupunun rəhbəri Rebecca Vincent bildirib.

Azərbaycan kampaniyaçıları "Aİ ilə inkişaf edən əlaqələrə" xələl gətirməkdə suçlayıb.

Bakıda keçiriləcək Avropa Oyunlarına iyunun 12-də start verilir.

"Demokratiya üçün qaç" şüarı altında keçən kampaniya fəalları beynəlxalq idman tədbirini ölkədəki demokratiya vəziyyətinə diqqət cəlb etmək fürsəti kimi görürlər.

Çərşənbə axşamı Avropa Parlamentinin vitse-prezidenti Graf Lambsdorff-un çıxışı ilə açılan və qurumun daha bir vitse-prezidenti Ulrike Lunacek-in sərdliyi ilə keçən tədbirdə Avropa Oyunlarından əvvəl "siyasi məhbusların" azad olunmasına dair çağırış səslənib.

Tədbir iştirakçıları mühitin Avropa insan hüqüqları standartlarına uyğunlaşmasını tələb ediblər.

Hikmət Hacıyev
Şəklin alt yazısı, XİN sözçüsü Hikmət Hacıyev deyir ki, kampaniya "Aİ ilə əlaqələrə xələl gətirmək üçün" istifadə olunur

Azərbaycan Xarici İşlər Nazirliyi Avropada keçən kampaniyanı tənqid edib.

Avropa Oyunlarının "siyasiləşdirilməsi"?

"Təəssüflər olsun ki, bəzi marginal dairələrin ələ keçirdiyi qurum Aİ ilə inkişaf edən əlaqələrə xələl gətirmək üçün istifadə olunur”, - XİN mətbuat ‎xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

BBC Azərbaycancaya danışan rəsmi “idman tədbirinin möhtəkirlik və siyasi təbliğat obyektinə” çevrilməsinin əleyhinə olduğunu deyib.

Onun sözlərinə əsasən Avropa Oyunlarının “ayrıseçkiliyin bütün formalarının” aradan qaldırılmasına xidmət etməlidir və bu idealara töhvə verən Azərbaycan “destruktiv fəaliyyətin əleyhinədir.”

Tədbirdə çıxış edənlərdən biri olan Rebecca Vincent idman tədbirinin siyasiləşdirilməsi barədə Bakıda səslənən ittihamları rədd edib. Onun sozlərinə görə, tənqidçi jurnalistləri və insan haqları müdafiəçilərini həbs etməklə Oyunları siyasiləşdirən elə Bakının özüdür.

"İnsan haqlarına davam edən təqiblərlə, Azərbaycan hakimiyyəti insan ləyaqəti və ifadə azadlığını nəzərdə tutan Olimpia Xartiyası prinsiplərini pozur".

Ötən ay Azərbaycanda ifadə azadlığı üzərinə getdikcə artan hücumlar barədə beynəlxalq insan haqları qruplarının müraciətinə cavab olaraqAvropa Olimpyia Komitələri (AOK) federasiyası bildirib ki, təşkilat bu narahatlığı Azərbaycan hökuməti ilə münasibətlərində qaldırmayacaq və o “suveren bir ölkədə gedən siyasi və hüquqi proseslərə müdaxilə etmək səlahiyyətinə malik deyildir”.

AOK bildirir ki, Azərbaycan hökuməti Avropa Oyunlarında akkreditasiyası olan bütün media nümayəndələrinin sərbəst işləməsinə imkan yarartmaq zəmanəti verib.