Avropa Oyunları üçün nəqliyyatın hərəkəti necə tənzimlənəcək?

Şəklin mənbəyi, Getty

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) və Avropa oyunlarının təşkilat komitəsinin (BEGOC) əməkdaşlığı nəticəsində işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa oyunları zolaqları ayrılıb. Bu yollar yalnız idmançılar, qonaqlar və işçi heyətin istifadəsi üçün nəzərdə tutulub.

Bundan başqa bir neçə avtobus marşrutunun işi Avropa oyunları ilə əlaqədar olaraq dayandırılıb.

Bu tədbirlər şəhər sakinlərinin həyatına və şəhərin nəqliyyat sisteminə necə təsir göstərəcək? Bu sahədə ideal olmayan vəziyyət yaxşılaşacaq, yoxsa sakinlərə əlavə discomfort yaranacaq?

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin rəhbəri Natiq Ələkbərlinin fikrincə, müəyyən narahatlıq yaransa belə, şəhər sakinləri "buna dözməlidirlər", çünki bu tədbir təkcə hökumətin yox, həm də dövlətin marağındadır. O həm də yarana biləcək hər hansı narahatlığın yalnız müvəqqəti xarakter daşıdığını vurğulayıb.

NIIM-in mətbuat xidmətindən bildiriblər ki, qurum Avropa oyunları gedişində yolların vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılmasına cavabdeh olacaq.

Həmin dövrdə Bakıda yolların vəziyyətinə aidiyyatı olan qurumların hər biri, Yol Polisi, Azəryolservis və Bakı şəhər İcra hakimiyyətinin hər birindən qərar qəbul etmək səlahiyyəti olan şəxslər 24 saat ərzində NİİM-də olacaq ki, “hər hansı fövqəladə hal baş verəcəyi təqdirdə heç kimdən heç nə soruşmadan qərar qəbul edə bilsinlər”.

NİİM rəsmisi həmçinin xəbər verib ki, Avropa oyunları üçün nəzərdə tutulmuş marşrutların hansı küçələrdən keçəcəyi barədə məlumat təhlükəsizliklə bağlı səbəblərdən ictimaiyyətə açıqlanmır.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə bu tipli böyük yarşların keçirildiyi şəhərlərdə müəyyən məhdudiyyətlər yaranır ki, bunu da təbii qarşılamaq lazımdır.

“Amma Azərbaycanda bu məhdudiyyətlə niyəsə çoxaldı. Elə təsəvvür yaranır ki, sanki bütün diqqət və enerji ancaq qonaqların Azərbaycandan razı getməsinə yönəldilib,” deyə o əlavə edib. O, bununla bağlı vətəndaşların qarşısına çıxarılmış məhrumiyyətlərin ümumiyyətlə nəzərə alınmadığını vurğulayıb. Onun sözlərinə görə, Avropa oyunları günlərində insanlar üçün ən yaxşı alternative metrodan istifadə olacaq.

Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, baş vermiş müvəqqəti dəyişiklər müəyyən qədər çaşqınlıq yarada bilər.

Mənzil başına hər gün eyni marşrutla getməyə öyrəşmiş insanlar həmin marşrutun dayandırıldığını, yaxud onun əvəzinə iki başqa avtobusdan istifadə etməli olduqlarını öyrənəndə çaşqınlıq yarana bilər.

"Lakin həyata keçirilən tədbirlərin özünü nə dərəcədə doğrultduğunu biz yalnız Avropa oyunları zamanı görə biləcəyik", o deyir.

Ərşad Hüseynovun sözlərinə görə, bu, həm də bilavasitə şəhər nəqliyyatı ilə məşğul olan qurumlar üçün bir sınaq və təcrübədir. Avropa oyunlarından sonra onlar bu addımların effektini təhlil edərək gələcək üçün nəticələr çıxara biləcəklər.

Ekspert həmçinin insanları bu məsələyə anlayışla yanaşmağa, şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə və ictimai nəqliyyata üz tutmağa çağırıb.