Xədicə İsmayılova mükafatlandırılacaq

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova bundan əvvəl beynəlxalq PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatına layiq görülüb

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova bundan əvvəl beynəlxalq PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatına layiq görülüb

Bu il Anna Politovskaya Söz Azadlığı mükafatı həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovaya veriləcək.

Mükafat ona, "əzimli araşdırmaçı jurnalist işlərinə və möhtəşəm cəsarətinə" görə təqdim ediləcək.

İsveç Milli Mətbuat Klubunun prezidenti Björn Häger deyir ki, Xədicə ismayılova cəsarət göstərərək Azərbaycanda ən üst səviyyədəki rüşvətxorluğu ortaya çıxarıb.

‘’O, çox böyük risk edərək, TeliaSonera ilə Azərbaycanın hakim dairələrinin əlaqələrini ifşa edib. İsmayılovanın həbsi mətbuat azadlğınının pozuntusudur və digər jurnalistləri rejimin hakimiyyətdən sui istifadəsi barədə məlumat verməsindən çəkindirmə cəhdidir ”.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla həbs olunub. Jurnalistin özü bu ittihamı rədd edir.

Amnesty international onun həbsini “siyasi motivli” adlandırıb.

Azərbaycan höküməti rəsmiləri isə mediaya müsahibələrində ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs edildiyini inkar edir.

Bundan əvvəl isə Xədicə İsmayılova, beynəlxalq PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatına layiq görülüb.