Xədicə İsmayılovaya Pen Amerika mükafatı verilir

Şəklin mənbəyi, AP
Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl beynəlxalq PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafata layiq görülüb.
“Xədicə İsmayılova yalnız cəsur jurnalist deyil, o həm də Azərbaycanda öz söz azadlığı hüquqlarından istifadə etdikləri üçün həbs olunan onlarla yazıçı və dissidentin yorulmaz müdafiəçisidir”, "Çərpələng Uçuran" romanının müəllifi Khaled Hosseini bəyanatında deyib, New York Times qəzeti yazır.
Xədicə İsmayılova həmin romanı Azərbaycan dilinə tərcümə edib.
Mükafat may ayının 5-də Nyu York şəhərindəki Amerika Təbiət Tarixi Muzeyində təqdim olunacaq. Xədicənin adından mükafatı onun dostu, azərbaycanlı jurnalist Emin Millinin qəbul edəcəyi bildirilir.
PEN Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bacha məktubla müraciət edərək xanım İsmayılın ilk Avropa Oyunları ərəfəsində azadlığa buraxılmasına çağırıb, Azadlıq radiosu xəbər verir.
Çağırışa Amerikanın tanınmış idman jurnalistlərindən Bob Costas (NBC News), Frank Deford (Sports Illustrated), Steve Fainaru və Mark Fainaru-Wada (ESPN) və David Remnick (The New Yorker) da qoşulub. Məktub müəllifləri BOK-u Azərbaycana təzyiq göstərməyə çağırıb ki, “Olimpiya Xartiyasının ruhuna əməl olunsun və Xədicə İsmayıl və həmkarları bəraət alsınlar”.
PEN Amerika Mərkəzinin saytında verilmiş məlumatda deyilir ki, Xədicə İsmayılova 2010-cu ildən bəri özünün korrupsiya ilə bağlı güclü jurnalist araşdırmaları ilə beynəlxalq səviyyədə tanınıb və rəğbət qazanıb.
Hökumətin ona qarşı illərlə davam edən kampaniyasından sonra o 2014-cü il dekabrın 5-də keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə saxta ittihamla həbs olunub. Xədicə İsmayılovanın özü bu ittihamı rədd edir.
Xədicə İsmayılova hazırda Bakı yaxınlığındakı Kürdəxanı həbsxanasında saxlanılır. Ona ailəsi ilə görüşmək üçün ilk icazə martın axırında verilib. Onun anası Elmira qızı həbs olunandan bəri kampaniya aparır və deyir ki, onlar hər həftə telefonla danışırlar.
Xanım İsmayılova özü həbsxanadan günahsız olduğunu və gələcəyə olan ümidini ifadə edən bir neçə bəyanat verib. “Bəli, əvəzində haqq ödəməli oluruq, amma buna dəyər!” deyə o yazıb.
“Biz elə bir yeni reallıq qurmalıyıq ki, orada həqiqət həyat norması olsun və həqiqəti söyləmək cəsarət tələb etməsin”.




