Xədicə İsmayıl televiziyaların fəaliyyətini tənqid edib

Şəklin mənbəyi, Aziz Karimov
Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsxanadan növbəti məktubunda deyib ki, Azərbaycan televiziyalarında "Qarabağ, sosial problemlər, manatın devalvasiyası, bahalıq, bütün bunlar olsa-olsa 8-9-cu plandadır".
Hər məktubunda həbsxanada olduğu müddətdə müşahidələrini paylaşan jurnalist dekabrın 5-də özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib və sonralar həbs müddəti uzadılıb.
Fevralın 13-də Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə əlavə ittihamlar elan olunub.
Son ittihamlar QHT-lərə açılan cinayət işində AzadlıqRadiosunun ofisində aparılan yoxlamalarla bağlıdır, Radionun saytında xəbər verilir. İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.
Son məktubunda jurnalist televiziyaların fəaliyyətini tənqid edib.
"Azərbaycan telekanallarının ən çox vaxt ayırdığı mövzu toylardır. Hansı manıs toy qıtlığı hiss elədisə, bir yolla televiziyaya çıxıb özünü reklam etdirir. Elə aparıcı da hərdən utanmadan deyir ki, sizi bura çağırdıq, indi yaxşı toy tutarsız. Manısların toy tutmasına başı qarışmış teleefirin vətəndaşlara tutulan toya ayırmağa vaxtı yoxdur. Qarabağ, sosial problemlər, manatın devalvasiyası, bahalıq, bütün bunlar olsa-olsa 8-9-cu plandadır. İkinci yerdə xeyriyyə proqramlarıdır. Bu, bir siyasətdir yəqin ki. Problem içində üzən tamaşaçı kiminsə problemlərinin hansısa xeyirxah vətəndaş, ya da özünü reklam edən özəl klinikalar və müğənnilər hesabına həll olunduğunu görür və onda ölkədə mövcud olan sistemin ümidsiz olmadığı barədə illüziya yaranır. Əslində, xeyirxahlığın təbliği baxımından çox müsbət rolu olan bu proqramları izlərkən bir açıq qalan sual məni narahat edir: Bəs DÖVLƏT hanı?”
Hanı bizim pulsuz səhiyyəmiz, tənha qadınların uşaq böyütməsinə yardımçı olacaq hökumətimiz, cinayətləri ictimai qınaqla deyil, qanunun gücü ilə cəzalandırılmalı hüquq-mühafizə sistemimiz?, - deyə Xədicə İsmayıl sual edib.
“…Televiziyalar dövlətimizi idarə edən yalançı sistemin güzgüsüdür. Kimsə bu manıs şoularının arxasında yalanların gözə çarpmadığını düşünürsə, səhv edir. Axı vətəndaşın ən təhsilsizi, ən acizi də toy çal-çağırının onun həyətindən və həyatından çox uzaqda səsləndiyini anlayır. Ən azından, gözünü televiziya ekranından ayırıb, az qidalanma ucbatından inkişafdan qalan uşaqlarının gözlərinə baxanda".
Beynəlxalq qurumlara, o cümlədən ATƏT-ə görə, Azərbaycan bu quruma daxil olan ölkələr arasında jurnalistlərin həbsinə görə ən yüksək göstəriciyə malikdir.
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic bildirib ki, hazırda Azərbaycanda 10-dan çox media nümayəndəsi, jurnalist, bloqçu və sosial media fəalı həbsdədir.
Azərbaycan höküməti rəsmiləri isə mediaya müsahibələrində ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs edildiyini inkar edir.
Hüquq müdafiəçiləri isə, Novruz bayramı ərəfəsində əfv fərmanın olacağına ümid edir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Turan agentliyinə bildirib ki, 23 nəfərlik siyahıda keçmiş səhiyyə naziri Əli İnsanovun, xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin, jurnalist Rauf Mirqədirovun, hüquq müdafiəçiləri Arif və Leyla Yunusların, “Müsavat” partiyası başqanın müavini Tofiq Yaqublunun, REAL Hərəkatının sədri İlqar Məmmədovun adları var. Lakin kimlərin əfv edilməsini "dövlət başçısından asılıdır".




