Tural Mustafayev: "Xədicə İsmayılla problem oldu, emosional davrandım"

Xədicə İsmayıl

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Xədicə İsmayıl dekabrın 5-də Tural Mustafayevin ittihamı ilə "özünü öldürmə həddinə çatdırma" maddəsilə saxlanılıb

Jurnalist Xədicə İsmayılı "özünü öldürmə həddinə çatdırma"da ittiham edən Tural Mustafayev şikayətini geri götürdüyünü bildirir.

BBC Azərbaycancaya danışan Tural Mustafayev "doğru qərara" gəldiyi fikrindədir və şikayət ərizəsi verməsini "psixi durumundakı pozğunluqla" əlaqələndirir.

"O vaxt bizim aramızda problem oldu, emosional davrandım və şikayət etdim. İndi isə özümü sağlam hiss edirəm və şikayətimi geri götürürəm", deyə Mustafayev BBC Azərbaycancaya bildirib.

Xədicə İsmayıl dekabrın 5-də Tural Mustafayevin ittihamı ilə "özünü öldürmə həddinə çatdırma" maddəsilə saxlanılıb.

Daha sonra jurnalist Azərbaycan Baş Prokurorluğu tərəfindən mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunub.

Yanvarın 27-də Səbail Rayon Məhkəməsi onun həbs müddətinin 1 ay, 19 gün uzadılması barədə qərar verib.

Xədicə İsmayıl özünü heç bir ittihamda təqsirli bilmir və həbsini siyasi sifariş sayır. Hökumət orqanları bu iddianı rədd edir.