İnsan Haqları Komissarı fəalların məhkəmə işinə necə müdaxilə edir?

Nils Muiznieks

Şəklin mənbəyi, AFP

Çərşənbə axşamı Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks həbsdə olan azərbaycanlı jurnalist Hilal Məmmədovun Avropa İnsan Haqları Məhkəməsindəki işinə müdaxilə etdiyini bəyan edib.

Bu nə deməkdir və Hilal Məmmədov kimi həbsdə olan digər insan haqları fəallarının işinə nə kimi təsir edə bilər? Bu barədə cənab Muiznieks ilə BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli söhbət edib.

BBC: Cənab Komissar, sizin Hilal Məmmədovun işinə müdaxilə etməniz nə deməkdir?

Nils Muiznieks: İnsan Haqları Komissarı üçüncü tərəf kimi müdaxilə edə bilər - ya özü, ya da Məhkəmənin dəvətilə. Mənim sələfim bunu 3-4 dəfə edib, indiyə qədər mən bunu ancaq bir dəfə etmişdim.

Biz bunu çox nadir hallarda etmişik və çalışırıq ki, ancaq daha geniş strateji əhəmiyyət daşıyan işlərdə edək. Ona görə də, məncə bu işlərə diqqət artırılacaq ... və məhkəmə daha məlumatlı qərar verə biləcək.

BBC: Azərbaycanda daha hansı işlərə müdaxilə etməyi planlaşdırırsınız?

NM: Bundan sonra İntiqam Əliyev, Rəsul Cəfərov, İlqar Məmmədov və Arif və Leyla Yunus olacaq. Mən onların hamısı ilə bağlıyam, çünki onların həbsindən öncə onlar mənim ofisimlə və ya Avropa Şurası ilə yaxın əməkdaşlıq ediblər. Onlar bizim partnyorlarımızdır və məncə mən onlara bu şəkildə yardım edə bilərəm.

Leyla Yunus

Şəklin mənbəyi, Reuters

BBC: Bu, kütləvi şəkildə ediləcəkmi? Və bu növbəti müdaxilə nə vaxt gözlənilir?

NM: Onlar ayrı-ayrı ediləcək [...] və mart və aprel aylarında həyata keçiriləcək. Mən artıq Məhkəməyə bildirmişəm ki, müdaxilə etmək niyyətindəyəm.

BBC: Siz dediniz ki, bundan əvvəl ancaq bir dəfə müdaxilə etmisiniz. Bu, nə ilə bağlı olub və nəticəsi necə olub?

NM: Bundan əvvəl "Campeanu Rumıniyaya qarşı" işinə müdaxilə etmişdim. Məhkəmə işi psixoloji əlilliyi olan, pis rəftarla üzləşən və təsisatlarda yaşayan kimsəsiz insanla bağlı idi. Həmin adam baxımsızlığa görə ölmüşdü. Bundan əvvəlki qaydalara görə məhkəmə işi heç olmazdı, çünki bu adam ölmüşdü və onu təmsil edəcək qəyyumu yox idi. Mənim arqumentim isə o idi ki, bu [qanun] cəzasızlıqla nəticələnir və bu cür adamları təmsil edən qeyri-hökumət təşkilatları işlərini məhkəməyə təqdim edə bilməlidir. Məhkəmə də [qanunu dəyişdi].

Mən əvvəlcədən deyə bilmərəm, Azərbaycanla bağlı məhkəmənin qərarı nə olacaq. Amma mən düşündüm ki, məsələ xeyli ciddidir və bütün partnyorlarımıza, o cümlədən AİHM-ə məhkəmə işlərini təqdim edən partnyorlarımıza aiddir.

Hilal Məmmədov

Şəklin mənbəyi, Tolishi Sado

BBC: Bu müdaxilə məhz Hilal Məmmədovla bağlıdır və ərizədən görmək olar ki, sizin bu işlə bağlı məlumatınız çoxdur. İnsan haqları fəalları Hilal Məmmədovun nəyə görə həbsdə olması ilə bağlı birmənalı səbəb vermir. Sizcə o, nəyə görə həbsdədir?

<bold>NM:</bold> Məncə Hilal Məmmədovun etnik azlıqların müdafiəsi, hakimiyyətə yönəldilmiş tənqidləri və satirası ilə onun həbsi arasında aydın bağlılıq var. Düşünürəm ki, <link type="page"><caption> İlqar Məmmədov kimi</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/10/141024_muiznieks_visit_findings" platform="highweb"/></link> o da, cinayət deyil, başqa bir səbəbə görə həbs edilib.

<bold>BBC:</bold> Keçən dəfə biz <link type="page"><caption> oktyabr ayında danışmışdıq</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/10/141024_muiznieks_visit_findings" platform="highweb"/></link> və siz demişdiniz ki, Azərbaycanda getdikcə pisləşən vəziyyət barədə narahatsınız. O vaxtdan bəri nəsə dəyişibmi? Bu müddət ərzindəki vəziyyəti necə dəyərləndirərdiniz?

NM: Dəyişib, ancaq pis istiqamətdə dəyişib. Səhhəti pisləşən Leyla Yunusun həbs qətimkan tədbiri uzaldılıb, Xədicə İsmayılovaya qarşı yeni, çox ciddi ittihamlar irəli sürülüb, İlqar Məmmədov haqqında məhkəmə qərarından bir neçə ay keçib amma bunun tətbiq edilməsinə doğru addımlar atılmayıb. Vəziyyət yenə də pisləşib və bu, mənim müdaxilə etməyimə gətirib çıxaran səbəblərdən biridir.

Hakimiyyətlə dialoq "qane etmir"

BBC: Siz hələ də hakimiyyətlə dialoqdasınızmı? Onların bu müdaxiləyə reaksiyası necə olub?

NM: Bəli, nazirlər komitəsilə bu məsələləri qaldırıram və Azərbaycan səfiri cavab verir. Amma sözün düzü indiyədək bu dialoqlar məni qane etməyib və mən bu insan haqları müdafiəçilərinin azad edilməsini görmək istəyirəm.

BBC: Sizin müdaxilə etməniz o deməkdir ki, hakimlər bu məsələlərlə bağlı kifayət qədər məlumat almır, yoxsa siz bunu məsələni qabartmaq üçün edirsiniz?

NM: Mənim müdaxiləmin arxasında bir neçə səbəb var. Birincisi, düşünürəm ki, mən başqaların verə bilməyəcəyi məlumatlar verə bilərəm çünki mən bu şəxsləri və onların işlərini tanıyıram. İkincisi, mənim müdaxiləm Azərbaycanda mövcud olan daha geniş, sistemik problemlərə işarə edir. Üçüncüsü isə, mənim müdaxiləmə görə media orqanları və ümid edirəm ki, digərləri üçün məsələyə maraq artacaq.

BBC: Qərb tez-tez "narahatla" dolu bəyanatlar verməkdə amma konkret addımlar atmamaqda ittiham olunur. Müdaxiləniz bu cür ittihamlara cavab da sayıla bilərmi?

NM: Mənim öz mandatım var və mən bu mandatı yerinə yetirməyə çalışıram. İstəmirəm ki, hər hansı addımım kiminsə tənqidindən asılı olsun. Mən insan haqları problemini görürəm və onu əlimdə olan alətlərdən istifadə edərək həll etməyə çalışıram. AİHM-də müdaxilələr, bu alətlərdən biridir.