BP-Azərbaycanda ixtisarlar qanuna uyğunmu həyata keçirilib?

Şəklin mənbəyi, PA

    • Müəllif, Leyla Nəcəfli
    • Vəzifə, bbcazeri.com

BP-Azərbaycan şirkətində kütləvi ixtisarlar nəticəsində işlərini itirmiş bəzi əməkdaşlar BBC Azərbaycancaya prosesin cəmi bir neçə gün ərzində başa çatdığını bildiriblər.

Azərbaycan qanunvericiliyinə əsasən ixtisarlara görə əmək müqaviləsi ləğv olunan işçilərə azı iki ay əvvəl rəsmi xəbərdarlıq verilməlidir. Amma BBC Azərbaycancaya danışan ixtisar edilmiş əməkdaşın təcrübəsinə əsasən "ixtisarla bağlı bütün prosedurlar təxminən üç gün davam etdi".

"10 dəqiqə əvvəl ixtisara düşdüyümü dedilər. Bəlkə də kimsə kiməsə deyirdi, amma məndə bu barədə məlumat yox idi və gözləmirdim də", Emin Məmmədov deyib.

<link type="page"><caption> Elvin Məmmədovla tam müsahibəni bu linkdə oxuya bilərsiniz.</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/02/150203_bp_ex_worker" platform="highweb"/></link>

BP-Azərbaycan ixtisarların qanunvericiliyə "tam uyğun şəkildə" qəbul olunduğunu bildirir.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya deyib ki, ixtisarlar barədə bildirişlər "təzə-təzə verilib" deyə hələ ki, təşkilatına BP-nin ötən ay həyata keçirdiyi ixtisarları haqqında məhkəmə şikayətləri başlamayıb.

BP-Azərbaycan mətbuat xidmətindən BBC Azərbaycancaya deyilib ki, Azərbaycanın əmək qanunvericiliyinə müvafiq olaraq, vəzifəsi ixtisara düşən və bununla bağlı əmək müqavilələrinə xitam veriləcək işçilərin "hər birinə ixtisarla bağlı ən azı iki ay əvvəldən xəbərdarlıq verilib".

Eyni zamanda xəbərdarlıq alan işçilərin bir qismi "qarşılıqlı razılıq əsasında" iki aylıq bildiriş müddəti əvəzinə "onlar üçün daha sərfəli olan müavinat almağı seçmişlər", BP-Azərbaycanın sözçücü Tamam Bayatlı deyib.

Azərbaycan qanunvericiliyinə əsasən, işçilərin sayı ixtisar edildikdə işçilərə "orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir".

İxtisarlar qaçılmaz idimi?

BP-Azərbaycanda aparılan ixtisarların "qabağı alına bilərdi", həmkarlar ittifaqı təmsilçisi Mirvari Qəhrəmanlı bu fikirdədir.

"Bəzən “krizis, krizis” deyirlər, neftin qiymətinin aşağı düşməsini deyirlər. Ölkədə neft hasilatı aşağı düşüb və bunu qaldırmaq üçün də proqram hazırlanmır", xanım Qəhrəmanlı deyir. "Azərbaycan hökuməti ... qeyri-neft sektorunun inkişafına daha çox önəm verməli idi", o hesab edir.

Mirvari Qəhrəmanlı
Şəklin alt yazısı, Mirvari Qəhrəmanlı deyir ki, neft sektorunda ixtisarlar qaçılmaz deyildi

Azərbaycanda "işsizlik probleminin" olduğunu qeyd edən hüquq müdafiəçisi sual edib: "Əgər dünya üzrə krizisdir, niyə Avropada işsizlik başlamayıb? Nəyə görə BP London ofisində ixtisar aparmayıb?"

Onun sözlərinə görə, ixtisarlar "əsasən Azərbaycanda gedir" və bu siyasətin qarşısını "Azərbaycan hökuməti vaxtında almalı idi".

Azərbaycan hökumətindən bu barədə şərh almaq hələ ki, mümkün olmayıb.

Yeni ixtisarlar dalğası olacaqmı?

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının proqnozlarına görə, 2015-ci ilin sonunadək BP-Azərbaycanda daha çox ixtisarlar ola bilər.

Şəklin mənbəyi, Getty

"Bizim proqnozlara görə, ilin sonuna qədər yenə ixtisarlar ola bilər", Mirvari Qəhrəmanlı deyir. "Həm BP-də, həm digər şirkətlərdə. İxtisarlar davam edəcək ona görə ki, hasilat qalxmır".

Hüquq müdafiəçisi həmçinin qeyd edir ki, verilən rəqəmlər tam şəkli əks etdirmir.

"105 yerli və 150 xarici işçinin işdən çıxarılmasını deyəndə onlar ola bilsin ki, Azərbaycandakı əsas ofisindən çıxarılanları nəzərdə tuturlar", o deyir. "Amma o yardımçı sektorlar da var ki, onlar haqqında məlumat yoxdur".

Onun sözlərinə görə, BP-də ixtisar edilən işçilər əsasən yardımçı sektordan olub, bəzi hallarda isə işçilərin müqavilə vaxtını uzatmayıblar. "Onlar başqa işə götürən müəssisələr, şirkətlər vasitəsilə işçi götürürlər müvəqqəti müqavilələrlə". Bunu nəzərə alaraq xanım Qəhrəmanlı təxmin edir ki, BP-Azərbaycanla əlaqədar işdən çıxarılanların sayı "500-600" rəqəminə daha yaxındır.

BP-Azərbaycan BBC Azərbaycancanın əlavə ixtisarlarla bağlı sualına cavab verməyib.

2014-cü ilin sonuna olan məlumata görə, BP-Azərbaycanda daimi işçilərin ümumi sayı 3467 idi: bunların 2992 nəfəri yerli, 475 nəfəri isə xarici vətəndaş olub.