Neft qiymətlərinə görə BP-nin gəlirləri düşüb

Şəklin mənbəyi, PA
Neft nəhəngi BP (British Petroleum) gəlirinin aşağı düşməsi barədə məlumat verir və deyir ki, neft qiymətlərinin düşməsinə görə neft kəşfiyyatına ayrılmış vəsaitləri azaldacaq.
2014-cü ilin son üç ayı ərzində əsas qazanc əvvəlki ilə nisbətən 20 faiz düşüb və 2,2 milyard dollar (1,72 milyard AZN) təşkil edib. 2014-cü il ərzində qazanclar 10 faiz düşüb və 12,1 milyard dollar təşkil edib.
BP həmçinin deyib ki, bu il kapital xərclərini 4-6 milyard dollar həcmində azaldacaq.
Neft qiymətlərinin düşməsi nəticəsində BP səhmlərinin qiyməti ötən ilin yayına nisbətən 16 faiz azalıb. Son altı ay ərzində neftin qiyməti 50 faiz düşüb.
<link type="page"><caption> Həmçinin oxuyun: BP-Azərbaycan ixtisarlarına görə 255 nəfər işdən çıxarılır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/01/150128_bp_cuts_azerbaijan.shtml" platform="highweb"/></link>
BP neft qiymətlərinin düşməsinə görə fəaliyyətinin və ehtiyatlarının dəyərinin düşməsini əks etdirmək üçün 3,6 milyard dollar dəyərində əmlaklarının nominal qiymətlərini aşağı salıb.
Bu faktı və mühasibatdakı digər birdəfəlik maddələri nəzərə alandan sonra BP 2014-cü ilin son rübündə 969 milyon dollar itirdiyini deyir.
Şirkət həmçinin Rusiyanın enerji nəhəngi Rosneftin daha aşağı gəlirlərinə görə ziyan çəkib. Təxmin edilir ki, 2014-cü ilin son rübündə Rosneftin əsas qazancları əvvəlki ilə nisbətən 1,1 milyard dollar düşüb. Bu, Rusiyaya qarşı sanksiyalara və rublun dəyərinin düşməsinə görədir.
BP Rosneft şirkətində 20 faiz paya malikdir.




