BP-nin ixtisar planları Azərbaycana "qismən təsir edəcək"

Şəklin mənbəyi, Getty

Neft nəhəngi BP (British Petroleum) çərşənbə günü bəyan edib ki, növbəti il ərzində strukturun dəyişilməsinə, yəni ixtisarlara 1 milyard dollar (783 milyon AZN) sərf edəcək.

Bunun Azərbaycana da "qismən təsiri olacaq", şirkətdən BBC Azərbaycancaya bildirilib.

"Dəyişiklər əsasən şirkətin operativ fəaliyyətinə deyil, korporativ strukturuna təsir edəcək", şirkətin mətbuat xidməti BBC Azərbaycancaya deyib. "Bu, daha çox London, Hyuston ofislərimizə aiddir, amma Azərbaycana da bir qədər təsir göstərəcək".

BP-dən daha ətraflı məlumat almaq mümkün olmayıb: "Konkret ölkələrlə bağlı detalları açıqlamamışıq", BP-nin Londondakı qərargahı deyir.

Dəyişiklər BP-nin biznes fəaliyyətini və korporativ funksiyalarını sadələşdirmək planlarının bir hissəsi olaraq həyata keçiriləcək.

"Bu planlar artıq bu rübdən həyata keçirilir və gələn il davam edəcək", BP məlumat verir.

Neftin həddən artıq çox olması barədə narahatlıqlara görə onun qiyməti iyundan bəri düşməkdədir.

Dünyada 84 000 adam BP-də işləyir. BP-nin məlumatına görə, 2013-cü ilin sonunda Azərbaycanda BP tərəfindən daimi işə götürülmüş şəxslərin sayı 3254 olub ki, bunların da 2760-ı Azərbaycan vətəndaşlarıdır.