RATİ hüquqşünası Günay İsmayılova ifadə verib

Şəklin mənbəyi, Ferqane Novruzova
Hüquqşünas Günay İsmayılova həyatına edilmiş qəsdlə bağlı Nizami rayonu, 24-cü polis bölməsində ifadə verib.
İsmayılova bildirib ki, ona materialların araşdırma üçün Nizami rayon prokurorluğuna göndəriləcəyi deyilir.
Üç gün əvvəl axşam 8-9 radələrində hüquqşünasa yaşadığı evin blokunda "hücum olub". Onun sözlərinə görə, təxminən 28-30 yaşlarında, "orta boylu" kişi onu arxadan boğmaq istəyib.
Hadisə baş verəndən bir gün sonra geniş ifadə üçün polis şöbəsinə gedən İsmayılova geri qaytarılıb və daha sonra bir də idarəyə çağrılıb.
"Təhlükəsizlik təmin edilməlidir"
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azərbaycanda media azadlığının vəziyyəti barədə narahatlıqlarını təkrarlayıb.
Çərşənbə axşamı yaydığı bəyanatda Dunja Mijatovic Azərbaycan hakimiyyətini Günay İsmayılovaya edilən "hücumdan sonra" onun təhlükəsizliyini təmin etməyə çağırıb.
"Hakimiyyət bu hücum barədə cəld və hərtərəfli araşdırma aparmalıdır və İsmayılovanın təhlükəsizliyini təmin etməlidir", xanım Mijatovic deyib. "Media hüquqşünasları media nümayəndələrinin müdafiə edilməsi və qorunması baxımından zəruridirlər".

Şəklin mənbəyi, BBC World Service
Dunja Mijatovic Xədicə İsmayılova, Rəsul Cəfərov "və digər söz azadlığı müdafiəçilərinin" azadlığa buraxılmasına çağırışını təkrarlayıb.
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sabiq direktor müavini, hüquqşünas Günay İsmayılova həyatına edilmiş qəsdlə bağlı polisə müraciət etdiyini bildirib.
"Hücum"
"Bugün (yanvarın 27-də) gedib ətraflı izahat verəcəyəm. Dünən 102-Qaynar Xəttinə zəng etdim, polislər hadisə yerinə baxış keçirdi", Günay İsmayılova BBC Azərbaycancaya deyib.
Yanvarın 26-da axşam 8-9 radələrində Günay İsmayılovaya yaşadığı evin blokunda "hücum olub". Onun sözlərinə görə, təxminən 28-30 yaşlarında, "orta boylu" kişi onu arxadan boğmaq istəyib.
"Boğazımdan yapışdı. Elə bil ağzımı tutmağa çalışırdı. Əlində nə isə var idi. Qışqıraraq ayaqlarımla qonşunun qapısını döyəclədim. Qonşular çıxan kimi o qaçdı", İsmayılova deyib.
"Həmin şəxs bir kəlmə danışmadı. O adamın məqsədi soyğunçuluq deyildi, çünki çantama dəymədi. Bəlkə də qorxutmaq idi", hüquqşünas əlavə edir.
İsmayılovanın sözlərinə görə, onun kimsəylə şəxsi ədavəti və ya münasibəti "yoxdur".
Avqustun 8-də RATİ-nin ofisində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları axtarış aparıb və ofis möhürlənib.
Axtarış aparılan gündən təşkilatın rəhbəri Emin Hüseynovun harada olması barədə məlumat yoxdur.




