RATİ-nin ofisi möhürlənib

Şəklin mənbəyi, Gunay Ismaylova

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu(RATİ) Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qərarı ilə möhürlənib.

"Təşkilatda axtarış aparan müstəntiqlə sahə müvəkkili bu gün səhər gəlib dedi ki, şəxsi əşyaların varsa götür. Biz ofisi möhürləyirik. Mən tələb elədim ki, hər hansı sənəd göstərsin. Amma dedilər ki, ofisi tərk elə", təşkilatın hüquqşünası Günay İsmayılova BBC Azərbaycancaya deyib.

İsmayılovanın sözlərinə görə, gələn şəxslər ofisin möhürünün "istintaq başa çatdıqdan sonra" açılacağını deyiblər.

Avqustun 8-də RATİ-nin ofisində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları axtarış aparıb.

"Monitorla birgə 20-ə yaxın komputerlərimizi, 300-400 boş və dolu disklərimizi, kasetlərimizi, bütün sənədlərimizi, videokameralarımızı, fotoaparatlarımızı, hətta könüllülərin şəxsi aparatlarını, təşkilata aid oldu-olmadı nə varıydısa hamısını yığıb apardılar", Günay İsmayılova qeyd edib.

Baş Prokurorluq məsələ ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyini bildirib.

Vəkil Fariz Namazlı BBC Azərbaycancaya deyib ki, axtarış Səbayıl Rayon Məhkəməsinin 7 avqust qərarına əsasən və Baş Prokurorluğun "qeyri-hökümət təşkilatlarının qanunsuz fəaliyyəti" ilə bağlı işlə əlaqəli aparılıb.

"Vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə açılmış cinayət işi üzrə axtarış apardılar və hər iki ofisdən əşyalar aparıldı. Biz məhkəmənin qərarından şikayət vermişik", vəkil əlavə edib.

Avqustun 4-də Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş "qanun pozuntuları faktlarına" dair "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə cinayət işi başlanıldığı bildirib.

Bu ilin may ayında Baş Prokurorluğun Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Xeyriyyə Təşkilatı və Danimarkanın "International Media Support" (IMS) təşkilatı və bir neçə yerli qeyri-hökümət təşkilatında araşdırma aparması və onlardan bəzilərinin bank hesabına həbs qoyulması barədə məlumatlar yayılıb.

Ötən iki həftədə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus, hüquq müdafiəçisi Rəsul Cəfərov, Hüquq Maarifçiliyi Təşkilatının sədri İntiqam Əliyevin evində və ofisində axtarış aparıldıqdan sonra onlar oxşar ittihamlarla məhkəməyə qədər 3 aylıq müddətinə həbs olunublar.

Axtarış aparılan gündən təşkilatın rəhbəri Emin Hüseynovun harada olması barədə məlumat yoxdur. Bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyi yerli mediada Hüseynovun səfirliyikdə olması barədə iddiaları yalanlayıb.

"Bu xəbərlər həqiqətə tamamilə uyğun deyil. Emin Hüseynov ABŞ səfirliyində deyil", səfirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

RATİ-nin hüquqşünası BBC Azərbaycancaya deyib ki, avqustun 7-dən Hüseynovla əlaqə yarada bilməyib və ailəsinin də onun harada olması barədə məlumatı yoxdur. Avqustun 6-da Türkiyəyə səhhəti ilə bağlı getmək istəyən təşkilat sədrinə ölkədən tərk etməməklə bağlı qadağa qoyulduğu məlum olub.

Təşkilatın saytında yerləşdirilən məlumata görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu mətbuat azadlığı və ifadə azadlığına olan təqiblərə cavab olaraq 2006-cı il mayın 3-də jurnalist Emin Hüseynov tərəfindən yaradılıb.