Azərbaycan mediasında İrana dair tənqidin kəskinliyi azalıb

Xəzəryanı dövlətlərin Həştərxan sammiti gedişatında İlham Əliyevlə (soldan birinci) görüşü vaxtı Həsən Rohani (soldan ikinci) iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu deyib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Xəzəryanı dövlətlərin Həştərxan sammiti gedişatında İlham Əliyevlə (soldan birinci) görüşü vaxtı Həsən Rohani (soldan ikinci) iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu deyib.

2013-cü ilin ortalarında Həsən Ruhaninin prezident seçilməsindən sonra Azərbaycan mediasında İran İslam Respublikası barədə neqativ şərhlərin sayının azalması müşahidə olunur.

Əhalisinin çoxu şiə olan ölkələr illər ərzində, ziddiyyətli əlaqələrə malik olublar. Sekulyar Azərbaycan İranın qatı düşməni olan İsraillə iqtisadi, hərbi və kəşfiyyat sahələrində yaxın əməkdaşlıq edir.

Öz növbəsində İranın dini hakimiyyəti prezident İlham Əliyevi hakimiyyətdən devirmək məqsədini güdən islamçı hərəkatları dəstəkləyib.

İranda qadınların vəziyyətilə bağlı mövzuların pozitiv işıqlandırılmasında Azərbaycan mediasının daha mülayim mövqe tutduğu nəzərə çarpır. Hərçənd ki, bu narkotik qaçaqmalçılığı və İran İslam Respublikası liderinə dair məlumatlara aid olunmur.

Media tənqidi

Ötən illər ərzində Azərbaycan televiziyası İranı hədəfə alıb. 2011-ci ildə İranın xarici və daxili siyasətini tənqid edən hökumətyönlü Lider TV Tehranı insan haqlarını pozmaqda, Türkiyədə siyasi qətllərin həyata keçirilməsində və təxribat vasitəsi kimi Azərbaycana narkotrafikin təşviqində ittiham edib.

2011-ci ildə özəl ANS TV kanalının analitik “Hesabat” verilişində İran, İslamı və Tehran hökumətini tənqid edən yazıçı Rafiq Tağının qətlində suçlanıb. Proqramda qətldə müəyyən İran ruhanilərinin əlinin olduğunu bildirib.

Azərbaycan mediası tez-tez narkotik qaçaqmalçılığında İran vətəndaşlarının rolu barədə iddialara yer ayırıb. Müvafiq ittihamlarla həbs edilən azərbaycanlılar televiziya kameraları qarşısında narkotikləri İran vətəndaşlarından aldıqlarını etiraf ediblər.

Lakin medianın münasibəti Ruhaninin seçilməsindən bir qədər əvvəl dəyişdi.

2013-cü ildə Ayətulla Xomeyninin vəfatının növbəti ildönümünə həsr olunmuş ANS kanalının verilişi gözlənilməz pozitivliyilə seçilib. Proqramda İran İslam Respublikasının banisi hətta “imam” adlandırılıb ki, Xomeyniyə bu cür adətən onun pərəstişkarları xitab edirlər.

2014-cü ilin aprel ayında prezident Əliyevin İrana səfərindən əvvəl nə vaxtlarsa Tehranın qəti tənqidçisi olmuş ANS İranda fəaliyyət göstərmək icazəsi alan ilk Azərbaycan kanalı olub.

2014-cü ildə İran İslam İnqilabının ildönümü ilə bağlı hökumətyönlü ATV kanalında efirə gedən materialda 1979-cu ildən bəri İranın inkişafı təriflənib.

ATV əlavə edib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyət başına gəlməsindən sonrakı dövrdə müəyyən eniş-yoxuşlara baxmayaraq, ölkələri əsasən dostluq əlaqələrinə malik olub.

İran və Azərbaycan liderlərinin görüşünü əks etdirən görüntülərlə müşaiyət olunan məlumatda İran “İslam cəmiyyətini quran ilk ölkə” adlandırılıb.

"Media əməkdaşlığı"

Azərbaycanda İranın Səhər TV televiziyası tənqid olunub.

Şəklin mənbəyi, sahartv.ir

Şəklin alt yazısı, Azərbaycanda İranın Səhər TV televiziyası tənqid olunub.

2014-ci ildə “media əməkdaşlığın genişlənməsi” məqsədilə Bakıya səfər edən İran dövlət yayım şirkətinin sədri Ezzatollah Zarghami deyib ki, tərəflər ortaq media problemlərini nəzərdən keçirmək üçün müştərək komissiya yaratmaq qərarına gəliblər.

Ezzatollah Zarghamilə görüşdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə adətən İlham Əliyev barədə tənqidi məlumatlar verən Səhər TV kanalını hadisələri “dostyana” tərzdə işıqlandırmağa səsləyib.

“İranın dövlət telekanalı olan “Səhər” bu ölkənin təbliğat sahəsi ilə məşğul olanların müəyyən qruplarının Azərbaycana qarşı istifadə etdiyi mənasız bir variantdır”, - Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səhər Televiziyasını tənqid edərkən deyib.

Azərbaycanın rabitə naziri isə ikitərəfli münasibətləri pozan proqramların yayımlamasının dayandırılmasına səsləyib.

Əlaqələrin genişlənməsi

Noyabrın 12-13-də prezident Ruhaninin Bakıya səfəri vaxtı iki və Rusiyanın nəzərə alınması ilə üçtərəfli əməkdaşlığın genişlənməsi müzakirə olunmalıdır. Moskva, Tehran və Bakı Azərbaycan vasitəsilə İran və Rusiya dəmir yollarını birləşdirəcək layihəyə start veriblər.

Sentyabr ayında Xəzəryanı dövlətlərin Həştərxan sammitində dəmir yolu layihəsinin əhəmiyətini vurğulayan Rusiya prezidenti Vladimir Putin İran-Azərbaycan xəttinin çəkilməsinə səsləyib.

Noybarın 8-də İranın Kommunikasiya və İnformasiya naziri Mahmud Vayezi Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verildiyini bildirib.

“İranla Azərbaycanın təhlükəsizliyi və inkişafı bir-birinə bağlıdır və biz Tehran-Bakı arasında dostluq əlaqələrinin inkişafı əleyhinə olan ölkələrə bu münasibətlərə xələl gətirməyə yol verməməliyik”, - İran prezidenti Həsən Rohani Xəzəryanı dövlətlərin sammiti gedişatında prezident İlham Əliyevlə görüşü vaxtı deyib.

Materialı BBC Monitorinq Xidməti hazırlayıb.