Azərbaycanlı siyasi məhbuslar Saxarov mükafatına layiq görüldü

Norveç Helsinki Komitəsi Azərbaycanda siyasi məhbus adlandırdığı şəxsləri Andrey Saxarov mükafatına layiq görüb.

Mükafat Azərbaycandakı bütün siyasi məhbuslara həsr olunur.

"Onlar böyük cəsarət nümayiş etdirir və öz ölkələrində şərəf, demokratiya dəyərləri və insan haqlarının inkişafı üçün böyük səylər göstərirlər", Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.

"Azərbaycan diktaturaya doğru irəliləyən Avropa ölkəsidir", Komitənin Baş katibi Bjørn Engesland bu gün yayılan pres-relizdə qeyd edib.

Norveç Helsinki Komitəsi hesab edir ki, Azərbaycanda 98 siyasi məhbus var.

"Bu mükafat bütün siyasi məhbuslara verilir. Kədərli faktdır ki, onların sayı burada (pres-relizdə) qeyd olunmaq üçün hədsiz çoxdur".

Onlardan 13-ü jurnalist və bloqer, 10-u insan haqları müdafiəçisi və digər vətəndaş cəmiyyəti fəalları və hüquqşunaslardır. Doqquz gənc fəal, müxalifət lideri (İlqar Məmmədov) və digər müxalif səslər zindandadır, Komitə hesab edir.

Azərbaycan hökuməti ölkədə insan haqlarının vəziyyətinin acınacaqlı olmasına dair iddiaları rədd edir və beynəlxalq təşkilatları Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edir.

Saxarov Azadlıq Mükafatı noyabrın 13-də, Oslodakı Bristol Hotelində təqdim olunacaq.

14 ilə yaxındır Avropa Şurası üzvü olan Azərbaycan insan haqları vəziyyətinə görə son illərdə daha da çox tənqid olunmağa başlayıb.

Hökuməti tənqid edən, xüsusilə də Avropa Şurasının özü ilə iddia olunan insan haqları pozuntularını önə çəkməyə çalışan fəallar bu il həbs olunub.

Bir sıra insan haqları təşkilatları və Qərb ölkələrinin liderləri Azərbaycanı fəalları və QHT rəhbərlərini həbs etməməyə çağırıb, hazırda həbsdə olan fəalları azadlığa buraxmağa çağırıb.