AŞPA prezidenti Azərbaycanı öhdəliklərə əməl etməyə çağırır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur dövlətə xəyanətdə ittiham edilən hüquq müdafiəçisi Leyla Yunusun "fiziki təzyiqə" məruz qalması ilə bağlı vəkillərinin müraciətini şərh edib.
"Avropa Şurasının lazımi saxlanma şəraiti ilə bağlı öhdəliyinə bütün üzv dövlətlər, o cümlədən Azərbaycan da əməl etməlidir", o deyib.
Prezident İlham Əliyevlə ictimai fəalların həbsləri barədə danışdığını bildirən Anne Brasseurin sözlərinə görə, ona deyiblər ki, həbslər "bir şəxsin verdiyi məlumatlar əsasında baş verib".
Bu sözləri Anne Brasseur Bakıda keçirdiyi mətbuat konfransında deyib. Lakin AŞPA prezidenti ona bu şəxsin kim olduğunun açıqlanmadığını deyib.
AŞPA prezidentinin sözlərinə görə, ədliyyə naziri ilə görüşdə ona bütün məsələlərin "cinayət prosessual məcəlləyə uyğun" və "qanuni" şəkildə həll olunduğu bildirilib.
Çərşənbə axşamı Anne Brasseur-un başçılıq etdiyi nümayəndə heyəri prezident İlham Əliyevlə görüşüb. Rəsmi məlumata görə görüşdə AŞPA ilə əməkdaşlığın "hazırkı vəziyyəti və perspektivləri" ilə bağlı fikir mübadiləsi aparılıb.
Fəalların taleyi
Bakıda dörd günlük səfərdə olan AŞPA prezidenti bazar ertəsi vətəndaş cəmiyyətinin nümayəndələri ilə, baş prokuror Zakir Qaralovla, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.
Mətbuat konfransında Anne Brasseur-a Azərbaycanda çoxsaylı ictimai fəalların və QHT rəhbərlərinin həbsi barədə suallar ünvanlanıb.
"Həbs olunan QHT rəhbərləri azadlığa buraxıla bilərmi?" sualına cavab olaraq AŞPA prezidenti deyib: "Xeyr, mən bu məsələdə nikbin deyiləm".
Anne Brasseur deyib ki, onun rəsmilərlə görüşlərindən öncə bəzi QHT nümayəndələri xahiş etmişdilər ki, o, həbs olunan fəalların dərhal azadlığa buraxılmasını tələb etsin. AŞPA rəsmisi bunu tələb etmədiyini bildirib, çünki "bu xahişi heç kim qəbul etmir", o deyir.
Azərbaycan hökuməti dəfələrlə deyib ki, ölkədə ictimai fəallara qarşı heç bir repressiyalar həyata keçirilmir, fəallar cinayət əsasında həbs olunur.
Leyla Yunusun saxlanılması
Çərşənbə günü casusluqda ittiham edilən hüquq müdafiəçisi Leyla Yunusun vəkillərinin birgə yaydığı müraciətdə deyilir ki, "soyuqladığından bir neçə gün yatmalı olan Yunusa heç bir tibbi yardım göstərilməyib".
"Leyla xanım bildirib ki, çərşənbə axşamı, günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov onun kamerasına gəlib, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb. Orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb", müraciətdə bildirilir.
AŞPA prezidenti Leyla Yunusun vəkillərinin müraciətini şərh edərkən deyib ki, Avropa Şurasının lazımi saxlanma şəraiti ilə bağlı öhdəliyinə bütün üzv dövlətlər, o cümlədən Azərbaycan da əməl etməlidir.
"Avropa Şurasının saxlanma şəraitini yoxlamaq üçün hansısa imkanları var? Bu nəzarəti Avropa Şurasının insan hüquqları üzrə komissarı və işgəncələr əleyhinə komitə həyata keçirir. Əgər Leyla Yunusa qarşı həqiqətən belə fakt baş veribsə, hakimiyyət bu məsələnin hərtərəfli araşdırılması üçün tədbir görməlidir", AŞPA sədri deyib.
Penitensiar Xidmətin mətbuat xidməti yerli mediaya açıqlamasında hüquq müdafiəçisinin "insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanıldığını" bildirib.
Vəkillərin yaydığı müraciətdə sonunda deyilir ki, Leyla Yunusla bağlı yaranmış vəziyyət "biabırçılıq və yolverilməz"dir və aidiyyatı orqanlar "təxirəsalınmadan araşdırma aparmalı və təqsirkarlar cəzalandırılmalıdır".




