Leyla Yunusun vəkili onunla görüşə blməyib

Dövlətə xəyanətdə ittiham olunan hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri onunla görüşə bilmədiklərini deyirlər.
"Vəkil Xalid Bağırov növbəti dəfə Leyla Yunusun yanına gedib, onun istintaq otağına çağırılması üçün tələbnamə verib. Bir müddət sonra istintaq otağına baxan nəzarətçilər Leyla Yunusun xəstə olduğunu və görüşə gəlmək istəmədiyini bildiriblər. Vəkil Leyla xanımla görüşmədən təcridxanadan ayrılmalı olub", bazar ertəsi hüquq müdafiəçisinin vəkillərinin yaydığı müraciətdə deyilir.
BBC Azərbaycancaya təqdim olunan müraciətdə hüquq müdafiəçisi ilə telefon əlaqəsi yaratmaq istəyən vəkilə nəzarətçilərin "bunun mümkün olmadığını" dediyi bildirilir.
"Leyla Yunusun saxlandığı kamerada yaranmış son situasiyalar fonunda vəkillə görüşə gətirilməməsi, onunla telefonla əlaqə saxlamasına imkan verilməməsi, bunun səbəbi kimi onun xəstə olmasının göstərilməsi bizdə qeyri-müəyyən fikirlər və ciddi narahatçılıq yaradır", müraciətdə qeyd olunur.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən BBC Azərbaycancaya "vəkillərin indiyənə qədər dediklərinin doğru olmadığını faktlarla sübut edirik" deyilsə də, hansı faktlar olduğu açıqlanmayıb.
Vəkillər Leyla Yunusla təmasın "tez bir zamanda bərpa olunmasını" və məsələyə aidiyyatı qurumların "aydınlıq gətirməklə, dərhal müdaxilə etməsi" tələb etdiyi əlavə olunub.
"Növbəti təxribat"
Bir gün öncə yerli mediada Leyla Yunusun adından yayılan məktubda hüquq müdafiəçisi ona qarşı "növbəti təxribatın hazırlandığını" yazıb.
"Cinayətkar Hüseynova Nuriyyə Musa qızını hər gün çağırıb təlimatlandırırlar. Bu görüşlərdən sonra o axşamlar məni çirkin şəkildə hədələyir. Öz növbəsində hədələyir ki, yaxın vaxtda mənə elə hücum edəcək ki, bədənimdə qançır olmayacaq, ancaq mənə bundan da pis olacaq. Çox güman ki, təxribat şənbə, ya bazar gününə planlaşdırılıb", "Meydan TV"-nin yaydığı məktub mətnində deyilir.
Hüquq müdafiəçisi Ombudsman Aparatının təcridxanaya gəlişindən sonra Hüseynovanın kameradan çıxarılması ilə bağlı xahişinin təcridxana rəisinin " cavabsız qoyduğu" bildirilir.
"Bundan başqa, təcridxana əməkdaşları kameradakı digər qadınlara da təzyiq göstərməyə başlayıb. Onları çağırıb tələb edirlər ki, Hüseynovanın mənə hücum etmədiyini yazılı şəkildə təsdiqləsinlər", mətndə qeyd olunur.
Penitensiar xidmət bu iddialarla bağlı şərh verməyib. Ancaq sentyabrın əvvəlində yaydığı bəyanatında xidmət, Leyla Yunusun saxlanma şəraiti ilə bağlı narazılıqların "tamamilə əsassız" olduğunu bildirib.
"Mənfi psixoloji təsir"
Eyni gündə Penitensiar Xidmətin rəsmi saytında yayılan müraciətdə Hüseynova eyni kameada saxlandığı şəxslərlə münasibətinin "normal" olduğunu bildirib.
"Lakin son zamanlar mənimlə eyni kamerada saxlanılan həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının “vəkilləri” bəzi mətbuat orqanlarında mənim şərəf və ləyaqətimi alçaldan yazılar yazıb. Məni residivist, siqaret çəkən bir qadın kimi təqdim ediblər", müraciət mətninə deyilir.
Vəkil Əlayif Həsənov BBC Azərbaycancaya deyib ki, sentyabrın 24-də Hüseynovanın müraciəti ilə bağlı Vəkillər Kollegiyasına çağırılıb.
"Mən bu qadını tanımıram, ailəsini də tanımıram. Mənim onunla şəxsi qərəzliyim və şəxsi münasibətim yoxdu, ola da bilməz. Son ayda Leyla xanım qıçındakı xəsarətləri göstərərək mənə dedi ki, bu xanım zarətçisi ilə birgə ona sistematik olaraq işgəncə verir. Əvvəllər məhkum olunan şəxs barədə "məhkum" ifadəsi onun təqsirsizlik prezumsiyasına xələl gətirmir", o bildirib.
Müraciətdə Hüseynova Leyla Yunusun vəkillərini onun ailəsinə "mənfi psixoloji təsir" etməkdə ittiham edib və sonuncuların onun təhlükəsizliyindən "narahatlıq hissi keçirdiyi" qeyd edilib.
"Həmçinin həmin vəkillərin bir qadını mətbuat orqanlarında təhqir etməklə, onun ailə üzvlərinə mənfi psixoloji təsir göstərməklə, guya digər qadının hüquqlarını müdafiə etməsi məntiqini başa düşə bilmirəm", müraciətdə deyilir.
Bir kamerada
Vəkil Həsənov Leyla Yunusun durumu ilə bağlı "hüquq müstəvisində mübarizə apara bilmədiyini" deyir.
"Aidiyyatı orqanlar bir tədbir görmədiyinə görə, bu məlumatları ictimaiyyələşdiririk. Müraciət edirik Penitensiar Xidmətə ki, onların bir kamerada yerləşdirilməsi qanuna ziddir. Mən məlumatı korrekt və mənbəyə söykənərək vermişəm".
Nuriyyə Hüseynova Leyla Yunusla "söhbətlərinin" mediada "ironiya ilə təqdim olunduğunu" deyib.
Əlayif Həsənov onun barəsində Vəkillər Kollegiyasına müraciət olunmasını "diqqətini görəcəyi işlərdən ayırmaq cəhdi" kimi qiymətləndirir.
İyulun 30-da Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadəsi alındıqdan sonra onun barəsində məhkəməyə qədər 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi hüquq müdafiəçisinin dövlətə xəyanət, dələduzluq və vergidən yayınma və qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunduğunu açıqlayıb.
Bundan əvvəl Yunus mayın 2-də"dövlətə xəyanətdə" ittiham edilən jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar "şahid qismində dindirilib".
Hüquq müdafiəçisi bildirib ki, evində və ofisində aparılan axtarışlar zamanı onların pasportları və evinin sənədləri müsadirə edilib. Bu səbəbdən Yunuslar ailəsi sonrakı dindirilmələrə getməyib.




