BMT, ABŞ və Britaniya Dağlıq Qarabağdakı gərginlikdən "narahatlıq" ifadə edir

Şəklin mənbəyi, modgovaz
Birləşmiş Millətlər Təşkilatı, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı atəşkəs razılaşmasının qaydalarına əməl etməyə çağırıb.
Bəyanatlar son günlərdə Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəsin pozulması və itkilərin verilməsindən sonra verilir.
BMT-nin bəyanatında deyilir ki, Baş Katib ATƏT Minsk qrupu həmsədrləri və beynəlxalq qurumların Ermənistan- Azərbaycan sərhəddi və təmas xəttində gərginlik və zorakılıqla bağlı "dərin narahatlığına" qoşulur.
"Bu, son günlər çoxsaylı itkilərə səbəb olub. O, [Ban Ki Moon] tərəfləri atəşkəs razılaşmasına hörmət etməyə, zorakılıqdan çəkinməyə, vəziyyətin gərginləşməməsinə çalışmağa və siyasi sülh həllini tapmaq üçün dialoqu davam etdirməyə çağırır", Baş Katibin sözçüsü bildirib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda son zorakılığa görə "narahatlıq" bildirib və tərəfləri gərginliyin azalmasına çağırıb.
20 il ərzində "ən narahatverici" atəşkəs pozulması
"Son həftədə Dağlıq Qarabağdakı təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin qəfil pisləşməsi baş verib. İtkilərin sayının çoxalması və gəlişmiş hərbi texnikadan istifadə olunması barədə məlumatlar atəşkəsin 20 ili ərzində ən narahatverici idi".
"Hər iki tərəfdən itkilərin davam etməsindən dərin təəssüf hiss keçiririk", Britaniyanın XİN sözçüsü bildirib.
ABŞ Dövlət Departamenti də iyulun 31-dən bəri təmas xəttində vəziyyətin gərginləşməsinə görə "dərin narahatlıq" bildirib.
"Ölən və yaralananların ailələrinə baş sağlığı veririk və tərəfləri gərginliyin azalmasına və atəşkəsə hörmət etməyə çağırırıq", sözçü Jen Psaki bildirib.
Psakinin sözlərinə görə, münaqişənin silahlı həlli "ola bilməz".
"Qisasçılıq və növbəti gərginlik dinc həllə yalnız çətinlik gətirəcək. Minsk Qrupu həmsədri kimi, biz tərəflərə Dağlıq Qarabağ münaqişəsində davamedici həll tapmağa yardım etməyə sadiqik".
Azərbaycan tərəfi ötən həftə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atəşkəsin pozulması nəticəsində 13 əsgərini itirib. Müdafiə Nazirliyi yaralıların sayını açıqlamayıb.
Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə 5 erməni əsgəri ölüb, yeddisi yaralıdır.
Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 1994-ci il mayın 5-də imzalanıb.




