Cəbhədə bir əsgər ölüb, biri yaralanıb

Şəklin mənbəyi, AFP
Müdafiə Nazirliyi cəbhə bölgəsində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsinda daha bir əsgərin yaralandığını açıqlayıb.
Mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumata görə, 20 yaşlı əsgər yüngül xəsarət alıb.
"Vəziyyəti normaldır, hazırda hərbi tibb məntəqəsindədir", nazirlikdən bildirilib.
Bundan öncə daha bir əsgərin "güllə yarasından" dünyasını dəyişdiyi məlum olub.
Nazirliyin mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumata görə, hadisənin hansı şəraitdə baş verdiyi "bilinmir".
Ölüm faktı ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.
Ağdamın Çıraqlı kəndində olan jurnalist İsmi Ağayev BBC Azərbaycancaya deyir ki, gecə vaxtlarında atışmalar olsa da, yerli sakinlər bunu "normal hal" hesab edir.
Avqustun 5-də nazirlik iki əsgərin "silahdan ehtiyatsız davranma" nəticəsində həyatını itirdiyini və daha bir əsgərin yaralandığını bildirib.
"Hər iki əsgər cəbhə bölgəsində ayrı-ayrı yerlərdə ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib", nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı BBC Azərbaycancaya deyib.
Məlumata görə, Ağstafa rayonundan 22 yaşlı əsgər və Xırdalandan olan 19 yaşlı əsgər "tabeliyində olan avtomat silahla ehtiyatsız" davranıb. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.
Nazirliyin yaydığı digər məlumata görə, Biləsuvar rayonundan hərbi xidmətə çağırılmış 29 yaşlı gizir Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
Nazirlik hospitala yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır qiymətləndirildiyini bildirib.
Azərbaycan tərəfi ötən həftə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atəşkəsin pozulması nəticəsində 13 əsgərini itirib.
Müdafiə Nazirliyi yaralıların sayını açıqlamayıb.
Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə 5 erməni əsgəri ölüb, yeddisi yaralıdır.
Müdafiə Nazirliyi avqustun 6-ə keçən gecə cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin, ümumilikdə 99 dəfə pozulduğunu qeyd edib.
Atəşkəsin pozulmasına görə tərəflər bir-birini "kəşfiyyat-diversiya cəhdləri”ndə ittiham edir. Bundan başqa, tərəflər bir-birini itkiləri gizlətməkdə ittiham edərək digərinin daha çox itki verdiyini iddia edib.
Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 1994-ci il mayın 5-də imzalanıb.




