Azərbaycanda qadın polislər niyə azdır?

Hüquq müdafiəçisi Leyla Yunusun saxlanılması zamanı kişi polis əməkdaşının onu ayaqyolunda müşaiyət etməsi dediyini əks etdirən görüntülərin sosial mediada müzakirəsi qadın polisi məsələsini yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdə videonun altında yerləşdirilən şərhlərdə buna münasibət bildirənlər hüquq-mühafizə orqanlarını qadınların saxlanılması əməliyyatlarında qadın polisinin iştirak etməməsinə görə qınayır.
Daxili İşlər Nazirliyi ötən ay Azərbaycanda 2 minə qədər qadın polis əməkdaşı, 800-ə yaxını qadın zabit çalışdığını açıqlayıb. Rəsmi məlumata görə, qadınlar əsasən yetkinlik yaşına çatmayanlarla bağlı işlər şöbəsində işləyirlər.
Nazirlik rəsmiləri qadınların polis peşəsinə meyl etməməsinin səbəbbini 24 saatlıq iş rejimi ilə əlaqələndirirlər.
Uşaqlıqdan polis peşəsinə xüsusi marağının olduğunu deyən Nərgiz Məhərrəmova bu peşəni seçməsinin atası ilə bağlı olduğunu deyir.
"Atam Daxili İşlər Orqanlarında uzun müddət çalışıb və uşaqlıqdan onun formasına fəxrlə qürurla baxırdım, o səbəbdən də mən bu sahəyə yönəldim", DİN Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin sənədlərin qəbulu şöbəsinin rəisi xanım Məhərrəmova BBC Azərbaycancaya deyib.
Nailə Abdiyeva ilə söhbətində xanım Məhərrəmova polis sistemində çalışan qadınların sayının çox olmasının önəmli olduğunu vurğulayarkən deyib ki, qadınlar "ictimai həyatda çox mühüm rol" oynayır.

Həyat yoldaşının polis olduğunu qeyd edən xanım Məhərrəmova ailədə bu səbəbdən onun peşəsinə "normal" yanaşıldığını deyir.
"Polis peşəsi çox şərəfli işdir. Ətrafımda olan qadınlar bu peşəyə çox həvəs göstərir. Narazı olanların müxtəlif səbəbləri ola bilər ki, bu peşəyə gəlməyə mane olur. Məsləhətli sənətdir, zabit şərəfi, polis şərəfi gözəl peşədir".
Hüquq müdafiəçisinin saxlanması zamanı onu qadın polisin müşaiyət etməməsi barədə sualı cavablandırarkən polkovnik-leytenant deyib ki, qadın polislər saxlanılma əməliyyatlarında iştirak edir.
"Ailə zorakılığı, qadın vətəndaş müraciət edəndə qadın polislər onların üzərini yoxlayır. Ciddi rejimdə işləyirik".
DİN-də qadınların vəzifədə yüksəlməsinə cinsi ayrı-seçkiliyin olması iddialarına münasibət bildirən xanım Məhərrəmova bu fikirləri təkzib edib.
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məişət zorakılığı hadisələrinin araşdırılması zamanı qadın polisi probleminin "qabarıq" olduğunu deyir.
"Məişət zorakılığı qurbanları baş verən hadisələrlə bağlı polisə ətraflı məlumat verə bilməsi, aldığı zədələr və ya ümumi zorakılığın haqda geniş məlumat verə bilməməsi polis idarəsində qadın polislərin az olması ilə əlaqədardır."
Qadın polisini müasir dünyanın "tendensiyası" olduğunu bildirən xanım Zeynalovanın sözlərinə görə, böyük miqyaslı tədbirlərdə, kütləvi aksiyalarda Türkiyə, İran kimi ölkələrdə qadın polislərin gücündən istifadə olunur və buna Azərbaycanda da ehtiyac var.
"Keçən il tədqiqat apardıq ki, niyə qadın polislərin sayı azdır? Məlum oldu ki, müəyyən stereotiplər var. Qadınlar hesab edir ki, bu kişi işidir. Və ya kişilər hesab edir ki, bu cinayətkarlarla mübarizədə qadın kifayət qədər rolu ola bilməz. Ailə dəyərləri, bağlılıqları bu məsələlərə mane olur".
Qadınların polis sistemində sayının az olmasının qanunvericilikdə tələb olunan kriteriyalara uyğun olmaması ilə bağlı olduğunu deyən təşkilat rəhbərinin sözlərinə görə, qadın polislərin ailə qurması məsələsində də problem yaranır.
"Gənc qız tanıyıram, polisdədir və oğlan onun polisdən işdən çıxmasını tələb edir. Biz daha çox ailə münasibətlərinə bağlı olduğumuzdan bütün qərarları bizim yerimizə atamız, qardaşımız, kişimiz verdiyindən çox vaxt bu peşə ilə qadın ailə münasibətlərində kifayət qədər önə gedə bilmir".
Ailə basqılarının qadının polis orqanlarında çalışmasına çətinlik yaratdığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, Daxili İşlər Nazirliyi qadın polislərin sayı ilə bağlı kvota əsasında çalışmır.
"Sadəcə olaraq şəxslərin özlərinin prinsipiallığı lazımdı. Məsələn mən qadın polislər arasında kifayət qədər tanıyıram ki, israrlıdır, amma təəssüf ki, birincilik məsələsi gündəmdə deyil".
Ailə, Qadın, Uşaq Komitəsinin İnformasiya-Analitik şöbəsinin müdiri Elgün Səfərov ötən ay keçirilən tədbirdə Polis Akademiyasında hazırlanacaq qadınların kvota müəyyənləşməsi məsələsinə diqqət çəkib.




