Məişət zorakılığının "adam öldürmə" kimi tanınması tələb olunur

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin nigaha girməsi faktlarına görə valideynlərin cinayət məsuliyyətinə cəlb olunması təklif olunur.
Təklifə görə, Cinayət Məcəlləsinə erkən nigaha məcbur etmə halı olmadıqda belə valideynlər hüquqi məsuliyyət daşıması ilə bağlı maddə əlavə oluna bilər.
"Çünki azyaşlı qızlara elə mühit yaradırlar ki, məktəbdə oxuyarkən bu qız ərə getmək haqda düşünür", - Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının (VƏHML) sədri Sahib Məmmədov məişət zorakılığı tərətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi əsasları mövzusunda keçirilən tədbirdə deyib.
Ombudsman Aparatının sektor müdiri, psixoloq Yeganə Cəfərova deyib ki, erkən nigahlara görə valideynin cinayət məsuliyyətinə cəlb olunması təklifi müzakirə olunmalıdır.
"Çünki bəzən olur ki, uşaqlar qoşulub qaçırlar, valideynin xəbəri olmur, yəni bu dəqiqləşdirilməlidir. Avropa təcrübəsinə istinad edərək məişət zorakılığına məruz qalan şəxs və törədən şəxs arasında vasitəçilik institutunun yaradılmasını təklif edərdim. Bunun ayrıca qurum olması vacib deyil".
Qətl və məişət zorakılığı
Cənab Məmmədovun sözlərinə görə, məişət zorakılığı məsələsinə "xüsusi yanaşma" olmalıdır, çünki cəza ağır bədən xəsarətləri yetirən şəxsə yox, qurbanın özünə qarşı çevrilir.
"Cinayət Məcəlləsində qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, ... seksual xarakterli hərəkətlərə məcbur etmə kimi maddələr məişət zəminində baş verən cinayət halları kimi tövsif olunmalıdır", - o deyir.
Səsləndirilən təkliflərdən biri şəxsin psixi zorakılığa məruz qalmadan öncə bunu törətmək istəyən şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasıdır, çünki VƏHML və "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi CM-də bununla bağlı dəyişikliyə ehtiyac olduğunu düşünür.
Təşkilat sədri CM-nin 25 və 61-ci maddəsinə "ailə üzvlərinə qarşı cinayətin törədilməsi" sözlərinin əlavə olunmasını təklif edib.
"Cinayət tərkibi yaradan əməllər sırasına məişət zorakılığı yaradan cinayətin təsnif edilməsinin daxil edilməsini istəyirik. Bu cinayətlərin məhz məişət cinayətinə dair təsnif edilməsi məqsədə uyğun olardı".
Regionlarda məişət zorakılığına məruz qalmış qadınların hüquq-mühafizə orqanlarına müraciət etməməsinin polisdə daha çox kişilərin çalışması və "mentalitetlə" bağlı olduğunu deyən cənab Məmmədovun sözlərinə görə, polis şöbələri tərkibində qadınlardan ibarət təsisatın yaradılması arzuolunandır.
Millət vəkili Qənirə Paşayeva təqdim olunan təkliflərin qanunverici orqanda müzakirəyə çıxardılacağını və bəzi təkliflərlə bağlı ciddi ictimai müzakirələrin keçirilməsinin zəruri olduğunu vurğulayıb.
"Məişət zorakılığı hallarının azalmamasını görməkdən ciddi narahat olmalıyıq. Bunu çox ciddi şəkildə ictimai müzakirəyə çıxarmaq lazımdır, əlavə mexanizmlər tapmalıyıq. Erkən nigahlar haqda təklifə müəyyən düzəlişlər edilməsini müzakirə etmək olar".
Qadın polislərin sayı "azdır"
Ailə, Qadın, Uşaq Komitəsinin İnformasiya-Analitik şöbəsinin müdiri Elgün Səfərov deyib ki, komitə məişət zorakılığının CM-ə salınması üçün 2010-cu ildən çalışır və diqqəti məişət zorakılığı ilə məşğul olan qadın polislərin az olmasına yenidən yönəldib.
"Polis akademiyasında kvota müəyyənləşsin ki, nə qədər qadın polis hazırlana bilər".
Daxili İşlər Nazirliyinin nümayəndəsi isə deyib ki, Polis Akademiyasında keçirilmiş treninqlərdə 200 nəfər iştirak edib və bu şəxslər məişət zorakılığı məsələsində işlə bağlı təlimatlandırılmış zabitlərdir.
DİN-də 2 minə qədər qadın polis əməkdaşı, 800-ə yaxını qazın zabit çalışdığını bildirən nümayəndənin sözlərinə görə, qadınlar əsasən yetkinlik yaşına çatmayanlarla bağlı işlər şöbəsində işləyirlər.
"Ümumi saya baxanda 2 min qadın azdı, amma bu sənətin sutkanın 24 saatında işdə olmaq ehtimalına görə polis kimi işləmək istəyənlər azdır. Rəsmi statistikaya görə son beş ildə məişət zorakılığı ilə bağlı cinayətlərin azalma tendensiyası müşahidə olunur".
DİN nümayəndəsinin məlumatına görə, 2014-cü ilin birinci rübündə qadınlara qarşı 109 cinayət qeydə alınıb.
Tədbirin sonunda VƏHML sədri Sahib Məmmədov təkliflərin Ailə, Qadın və Uşaq Komitəsinə göndəriləcəyini bildirib.




